Bakı. Trend:
Bu gün Birinci Türkoloji Qurultayın 100 illik yubileyini qeyd edərkən, yüz il əvvəl babalarımızın məhz Bakıda keçirdiyi tarixi qurultayı böyük ehtiramla xatırlayırıq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Türk Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir əsr sonra həmin tarixi hadisə yenidən yad edilir:
"Onun əhəmiyyətini bir daha vurğulayır və bu möhtəşəm yubileyi birlikdə qeyd edirik. Bu təşəbbüsün əsası ötən il Qəbələ sammitində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qoyulmuşdu. Daha sonra Türküstanda keçirilən sammitdə də bu ideya dəstəkləndi və nəticə etibarilə bu ayın sonunda yubiley tədbirlərinin keçirilməsi qərara alındı. Bu yubiley türk xalqları üçün xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Çünki söhbət təkcə dilimizdən və əlifbamızdan getmir. Bu, eyni zamanda ortaq tariximizin, mədəniyyətimizin və milli kimliyimizin gələcək nəsillərə ötürüləcək ən qiymətli irsidir. Bu irsin qorunması və yaşadılması türk dünyasının birliyinin möhkəmlənməsinə də mühüm töhfə verir".