Bakı. Trend:
UNEC-in müxtəlif illərdə məzun olmuş, hazırda ölkənin dövlət və özəl qurumlarında rəhbər vəzifələrdə çalışan məzunlarının iştirakı ilə UNEC Məzunlar Assosiasiyasının təsis yığıncağı keçirilib.
Tədbirin açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov universitetin son illərdə təhsil, tədris, elmi fəaliyyət, rəqəmsallaşma və beynəlxalq reytinqlər üzrə əldə etdiyi nailiyyətlərdən bəhs edib. O, eyni zamanda "UNEC 100" İnkişaf Strategiyası çərçivəsində qarşıda duran prioritet hədəfləri iştirakçıların diqqətinə çatdırıb.
Rektor vurğulayıb ki, Məzunlar Assosiasiyasının təsis olunmasının məhz UNEC-in yaranma günündə keçirilməsi universitetin öz tarixinə, ənənələrinə və məzunlarına verdiyi dəyərin göstəricisidir.
Professor Ədalət Muradov UNEC məzunlarını universitetin ən böyük potensialı olduğunu bildirib: “İqtisad Universitetinin böyük inkişaf potensialı var və bu potensialın ən mühüm hissəsini məzunlarımız təşkil edir. Məqsədimiz bu potensialdan daha səmərəli istifadə etməklə, məzunlarımızın universitet həyatında daha fəal iştirakına və UNEC-də söz sahibi olmasına şərait yaratmaqdır. Biz dünya təcrübəsinə uyğun fəaliyyət göstərən güclü məzunlar birliyi formalaşdırmaq istəyirik”.
Sonra iştirakçıların səsverməsi ilə UNEC-in qocaman məzunu Ziyad Səmədzadə UNEC Məzunlar Assosiasiyanın təsis iclasının sədri seçilib. O, çıxışında universitetin ölkənin sosial-iqtisadi inkişafında oynadığı roldan, eləcə də illər ərzində yetişdirdiyi peşəkar kadrların Azərbaycanın inkişafına verdiyi töhfələrdən danışıb.
Təsis yığıncağında UNEC Məzunlar Assosiasiyasının İdarə Heyətinin tərkibi də müəyyənləşdirilib. Millət vəkili Tahir Mirkişili İdarə Heyətinin sədri, “Marsol Group”un təsisçisi Tural Mustafayev sədr müavini, UNEC Karyera Mərkəzinin əməkdaşı Ülkər İbrahimli isə katib seçilib.
Tədbirdə UNEC Məzun Platformasının təqdimatı da keçirilib. Təqdimat zamanı bildirilib ki, platforma məzunlar arasında əlaqələrin gücləndirilməsinə, peşəkar əməkdaşlıq imkanlarının genişləndirilməsinə və universitetlə məzunlar arasında davamlı kommunikasiyanın təmin olunmasına xidmət edəcək. Qeyd olunub ki, platformada qeydiyyatdan keçən məzunlar öz profillərini yarada, vahid şəbəkə üzərindən bir-biri ilə əlaqə qura və müxtəlif təşəbbüslərdə iştirak edə biləcəklər.
Sonra çıxış edən UNEC Məzunlar Assosiasiyasının ilk sədri Tahir Mirkişili güclü məzun şəbəkəsinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, məzunların bilik, təcrübə və imkanlarının bir araya gətirilməsinin universitetin gələcək inkişafına mühüm töhfə verəcəyini qeyd edib: “Ölkə üçün layiqli vətəndaşlar yetişdirən UNEC öz məzunlarının hər zaman dəstəyini hiss etməlidir”, - deyə o bildirib.
Tədbirdə iştirakçılara məzun kartları və plaketlər təqdim olunub.
Daha sonra məzunlar UNEC-in şəhid olmuş məzun və tələbələrinin abidə-kompleksini ziyarət edərək onların əziz xatirəsini ehtiramla anıblar.
Sonda xatirə fotosu çəkilib.











