Bakı. Trend:
1992-ci ildən bəri universitetlərə qəbul olunan tələbələr arasında qızların sayı üstünlük təşkil edir.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.
Məlumata görə, ən böyük fərq 1993-cü və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub.
“Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələri qəbul kampaniyasının birgə aparılması ilə əlaqədar idi. Çünki, bir qayda olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük əksəriyyəti qızlardan ibarət olur”.
Jurnalda həmçinin ötən ilin statistik göstəriciləri də öz əksini tapır. Statistikaya görə, 2025-ci ildə qəbul imtahanlarında iştirak etmək üçün 126656 abituriyent ərizə verib.
“Onların 48.10%-i oğlan, 51.90%-i qız olub. Ərizə verən abituriyentlərin 100606 nəfəri (79.43%-i) isə cari ilin məzunları olub və onlardan 50509-u (50.20%-i) oğlan, 50097-si (49.80%-i) qız abituriyentlər olub.
2013-2023-cü illərdə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox, 2024-cü və 2025-ci illərdə isə qızların sayı oğlanların sayından çox olub. Azərbaycan və rus bölmələrinin hər ikisində qızlar üstünlük təşkil edir”.
Başqa bir maraqlı fakt isə regionlar üzrə gender statistikasıdır. Məsələn, ötən il universitetlərə qəbul olunan tələbələrin gender statistikasına görə Yardımlı rayonundan qəbul olunan uşaqların 60.59 faiz oğlan, Balakəndən qəbul olunanların 61.74 faiz qız olub.