Bakı. Trend:
İyunun 19-da Xocalı rayonunda 34 ildən sonra ilk dəfə olaraq barama tədarükü həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son iki il ərzində Xocalının Daşbulaq kəndi ərazisində 163 hektar sahədə super intensiv tipli tut bağı salınıb.
Məlumatda bildirilir ki, əkin işləri zamanı hər hektarda 10 min ədəd ting əkilib və yüksək məhsuldarlıq əldə olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müşaviri İmran Cümşüdovun sözlərinə görə, əldə edilən nəticələr baramaçılığın yenidən bərpasına imkan yaradıb.
Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında təsərrüfata 100 qutu ipəkqurdu verilib və onların yetişdirilməsi uğurla başa çatdırılıb. İlkin mərhələdə 700 kiloqram barama məhsulu toplanaraq, “Azəripək” MMC-yə təhvil verilib.
İ.Cümşüdov bildirib ki, Xocalıda həyata keçirilən kənd təsərrüfatı layihələri təkcə istehsalın artırılmasına deyil, həm də “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunmasına xidmət edir.
Onun sözlərinə görə, Daşbulaq kəndində salınmış super intensiv tut bağlarında və baramaçılıq təsərrüfatında yerli sakinlər üçün yeni iş yerləri yaradılıb. Hazırda Xocalıya köç edən ailələrin üzvləri müxtəlif kənd təsərrüfatı sahələrində daimi və mövsümi işlərlə təmin olunur.
"Bu layihələr həm əhalinin sosial rifahının yüksəldilməsinə, həm də rayonun iqtisadi həyatının canlandırılmasına mühüm töhfə verir", - deyə direktor müşaviri qeyd edib.
İ.Cümşüdovun sözlərinə görə, gələcəkdə baramaçılıq təsərrüfatının genişləndirilməsi ilə daha çox sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baramaçılığın bərpası regionun iqtisadi potensialının artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.











