Bakı. Trend:
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinin sürətləndirilməsi və 2030-cu il gündəliyinin reallaşdırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu BMT-nin Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üzrə xüsusi elçisi Mahmud Muhyeldin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində deyib.
M. Muhyeldin Azərbaycanın beynəlxalq tədbirlərin, o cümlədən COP29-un yüksək səviyyədə təşkili təcrübəsini yüksək qiymətləndirib.
O qeyd edib ki, Bakıda keçirilən iqlim konfransının nəticələri beynəlxalq proseslər üçün mühüm əhəmiyyət daşıyır.
“Bu, təkcə konfransların necə təşkil olunmasının deyil, həm də dayanıqlı nəticələrin necə təmin edilməsinin nümunəsi idi”, – deyə o bildirib.
BMT rəsmisi dünya ictimaiyyətinin 2030-cu ilə yaxınlaşdıqca DİM-lərin icrasını sürətləndirməyə fokuslanmalı olduğunu deyib.
“Yeni məqsəd və vəzifələr yaratmaqdan daha çox, sürətləndirməyə diqqət yetirmək vacibdir”, – deyə Muhyeldin bildirib və əsas istiqamətlərə insan kapitalının inkişafı, infrastruktur, enerji, iqtisadi artım, iqlim və biomüxtəlifliyin daxil olduğunu qeyd edib.
O bildirib ki, DİM-lərə nail olmaq üçün daha səmərəli idarəetmə və ölkələr və institutlar arasında tərəfdaşlıq tələb olunur.
M. Muhyeldin həmçinin qeyd edib ki, hazırkı irəliləyiş kifayət deyil. Onun sözlərinə görə, məqsədlərin yalnız təxminən 17 faizi 2030-cu ilədək həyata keçirilmə yolundadır.
O bildirib ki, məqsədlərin yarıdan çoxu ya geri qalır, ya da lazım olan tempdə həyata keçirilmir, göstəricilərin təxminən 30 faizi isə 2015-ci illə müqayisədə pisləşmə göstərir.
“Bu, 2030-cu il dayanıqlı inkişaf gündəliyinin reallığıdır”, – deyə o qeyd edib.
BMT rəsmisi həmçinin ölkələr arasında bilik və təcrübə mübadiləsinin DİM-lərin sürətləndirilməsi üçün vacibliyini vurğulayıb.