Bakı. Trend:
Avropa Komissiyası ABŞ və İran arasında əldə olunmuş sazişi alqışlayır və vurğulayır ki, əsas prioritet onun bütün iştirakçılar tərəfindən tez və tam şəkildə icra edilməsidir.
Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin ABŞ və İran arasında sazişin əldə olunması ilə əlaqədar rəsmi bəyanatında bildirilir.
"Bəzi tərəfdaşların uzunmüddətli diplomatik səyləri nəticəsində ABŞ və İran arasında əldə olunmuş sazişi alqışlayıram. Hazırda əsas prioritet onun bütün tərəflər tərəfindən operativ və tam şəkildə həyata keçirilməsidir", – deyə bəyanatda qeyd olunur.
Avropa Komissiyası prezidentinin sözlərinə görə, sazişin Hörmüz boğazında gəmiçiliyin dərhal bərpasına imkan verəcəyi gözlənilir. Bununla yanaşı, hər hansı rüsum tutulmadan sərbəst dəniz nəqliyyatının bərpasının vacibliyi vurğulanır. Sədr qeyd edib ki, bu inkişaf həm regional sabitlik, həm də qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır, çünki Yaxın Şərqdə sülh və təhlükəsizliklə bağlı daha geniş danışıqlara yol aça bilər.
Bundan əlavə, Avropa Komissiyasının rəhbəri bildirib ki, saziş son nəticədə İranın nüvə və ballistik proqramlarının, eləcə də onun regionda sabitliyi pozan fəaliyyətlərinin dayandırılmasına gətirib çıxarmalıdır.
Bununla belə, Aİ rəhbərliyi vurğulayır ki, Livanda münaqişələr davam etdiyi müddətdə Yaxın Şərqdə davamlı sülhə nail olmaq mümkün deyil. Bu səbəbdən bütün tərəflər Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, həmçinin real atəşkəsin təmin olunmasına çağırılır.
"Avropa bir daha bütün tərəfləri Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, eləcə də həqiqi atəşkəsin təmin olunmasına çağırır", – deyə Ursula fon der Lyayen vurğulayıb.
Qurum, həmçinin böhrandan çıxarılan mühüm geosiyasi nəticəyə diqqət çəkib və qeyd edib ki, enerji asılılığı yenidən təzyiq aləti kimi istifadə olunub. Bu həssaslığın aradan qaldırılması məqsədilə təşkilat tədarük marşrutlarının şaxələndirilməsinə və alternativ ixrac dəhlizlərinin inkişafına diqqət yetirməyi planlaşdırır. Məqsəd strateji baxımdan mühüm dar keçid olan Hörmüz boğazından asılılığı azaltmaqdır.
Bu məsələnin tərəfdaş ölkələrlə, o cümlədən Körfəz regionu və daha geniş Yaxın Şərq ölkələrinin nümayəndələri ilə birlikdə G7 sammiti çərçivəsində keçiriləcək növbəti görüşdə müzakirə olunacağı bildirilir.