Aprelin 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa yenidən nümayiş olunacaq.
Metbuat.az xəbər verir ki, tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.
Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da səhnə əsərində diqqət mərkəzindədir.
Tamaşada Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar çıxış edəcəklər.