Bakı. Trend:
Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlara yönəldirik. Bu ehtiyatlar - Neft Fondunun və Mərkəzi Bankın rezervləri və şoklardan qorunma mexanizmləri - öz növbəsində makroiqtisadi və makrofiskal sabitliyin təmin olunmasına xidmət edir.
Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində bildirib.
Bunun çox yaxşı nümunəsinin işğaldan azad edilmiş ərazilərlə bağlı olduğunu bildirən nazir deyib: “Bu ərazilər dövlət büdcəsi üçün tamamilə yeni, həcmcə böyük sərmayə və xərc istiqamətidir. Amma biz iqtisadi baxımdan ona xərc deyil, investisiya kimi baxırıq. Çünki bu investisiya uzunmüddətli dövrdə, vətəndaşlarımızın qayıdışı, iqtisadi fəallığın bərpası və ərazilərin yenidən qurulması zamanı öz töhfəsini verəcək”.