Bakı. Trend:
Azərbaycan Əlillərin Hüquqları haqqında Konvensiyanın Tərəf Dövlətlərinin XIX Konfransının ümumi müzakirələri çərçivəsində 19 dövlətdən ibarət regionlararası qrupun adından bəyanat səsləndirib.
Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Qrupa Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos Xalq Demokratik Respublikası, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San-Marino, Səudiyyə Ərəbistanı, Tailand, Şərqi Timor və Azərbaycan daxildir.
Birgə bəyanatda qeyd olunub ki, dünya əhalisinin təxminən 15 faizi əlilliyi olan şəxslərdən ibarətdir. Sənəddə vurğulanıb ki, Əlillərin Hüquqları haqqında Konvensiyanın müddəaları bütün hallarda, o cümlədən mina, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğuların təsirinə məruz qalan münaqişə və postmünaqişə şəraitində yaşayan əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini təmin etməlidir.
Bəyanata qoşulan dövlətlər münaqişə və postmünaqişə dövrlərində əlilliyin qarşısının alınması istiqamətində beynəlxalq dəstəyin artırılmasına çağırıblar. Xüsusilə, milli minatəmizləmə potensialının yaradılması, inkişaf etdirilməsi və səmərəli fəaliyyət göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
Bununla yanaşı, dövlətlər əlilliyi olan şəxslər üçün təxirəsalınmaz və uzunmüddətli tibbi xidmətlərin, fiziki reabilitasiya və protezləşdirmə imkanlarının genişləndirilməsi, həmçinin təhsil və iqtisadi reinteqrasiya sahələrində milli imkanların gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.