Bakı. Trend:
Azərbaycanda tədqiqat universiteti statusunun verilməsi ilə bağlı tələblərdə dəyişikliklər gözlənilir.
Trend-in müxbiri xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov cümə günü “SABAH.city”də “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “Elmi islahatlar və innovasiya” mövzusunda təlim-müzakirə sessiyasında deyib.
“İstəyirik ki, həmin statusu əldə edən universitetlər həqiqətən bu statusa uyğun olsunlar”, – deyə o bildirib.
İ.İbrahimov qeyd edib ki, 2026-cı ildə “Scopus” bazasında indeksləşdirilən jurnallarda Azərbaycan alimlərinin 7257 məqaləsi yayımlanıb.
Onun sözlərinə görə, elm sahəsində islahatların davam etdirilməsi, elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və universitetlərlə tədqiqat institutları arasında inteqrasiyanın gücləndirilməsi əsas hədəflərdəndir. Elm və ali təhsil müəssisələrinin QS və THE kimi beynəlxalq reytinqlərdə iştirakının təmin edilməsi, mövqelərinin yüksəldilməsi də prioritetlər sırasındadır.
Şöbə müdiri bildirib ki, Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun yaradılması və fəaliyyəti, eləcə də Tətbiqi Elmlər İnstitutunun yaradılması nəzərdə tutulan istiqamətlərdəndir. O bu çərçivədə Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli qərarını da qeyd edib.
İ.İbrahimov sənaye və tədqiqat universiteti modelinin inkişafının, institutlar, universitetlər və sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. EATDA ilə İRİA arasında əməkdaşlığın gücləndirilməsi və mərkəzi laboratoriya konsepsiyasının hazırlanması da nəzərdə tutulur.
Bildirilib ki, elmi konfransların inkişafına, onların nəticələrinin beynəlxalq elmi bazalarda indeksləşdirilməsinə, elmmetriya və açıq elm sahəsində yeni təşəbbüslərə diqqət ayrılacaq. Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında süni intellekt sahəsində əməkdaşlıq memorandumunun, həmçinin “Open Science Policy” sənədinin hazırlanması və təsdiqi nəzərdə tutulan məsələlərdəndir.
İ.İbrahimovun sözlərinə görə, beynəlxalq elmi nəşrlərdə ödənişsiz dərc imkanlarının təmin edilməsi və elmi repozitoriyaların inkişafına dəstək Azərbaycanın qlobal elmi görünürlüyünün artırılmasına xidmət edəcək.
Gənclərin elmə cəlb olunması üçün mükafatlandırma və həvəsləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, müasir laboratoriyaların yaradılması, rəqəmsal resurslara əlçatanlığın artırılması və erkən yaşlardan elmi vərdişlərin formalaşdırılmasına dəstək göstərilməsi planlaşdırılır.
Beynəlxalq mübadilə proqramlarının genişləndirilməsi, texnoparkların və inkubasiya mərkəzlərinin sayının artırılması, elmin populyarlaşdırılmasında medianın iştirakının gücləndirilməsi də əsas hədəflər sırasında yer alır.