Cənubi Qafqazda davamlı sülhün və regional sabitliyin təmin olunması baxımından Ermənistanda baş verən siyasi proseslər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün əsas prioritet regionda sülh gündəliyinin irəliləməsi və Ermənistanın konstruktiv siyasət yürütməsidir. Bu baxımdan Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşan sülh prosesinə müəyyən dəstək nümayiş etdirməsi Azərbaycanın maraqlarına uyğun hesab edilə bilər. Lakin bu amil Ermənistanda keçirilən seçkilərin demokratik standartlara uyğunluğu ilə bağlı yaranan ciddi sualları aradan qaldırmır. Əksinə, seçki prosesində qeydə alınmış çoxsaylı qanun pozuntuları və Qərb institutlarının həmin faktlara münasibəti demokratiya ilə bağlı tətbiq olunan ikili standartlar məsələsini yenidən gündəmə gətirir.
Demokratiyanın selektiv tətbiqi və Qərbin ikili standartları
Qərb siyasi institutları uzun illərdir, müxtəlif ölkələrdə keçirilən seçkilərə münasibətdə özlərini demokratik prinsiplərin əsas müdafiəçiləri kimi təqdim edirlər. Lakin Ermənistan nümunəsi göstərir ki, bu prinsiplər bütün hallarda eyni meyarlarla tətbiq edilmir. Seçkilərin nəticələrinin konkret olaraq N.Paşinyanın hakimiyyətdə qalmasına gətirib çıxarması bir məsələdir, seçki prosesinin qanunauyğunluğu isə tamam başqa məsələdir.
Əgər hər hansı digər ölkədə eyni miqyasda pozuntular qeydə alınsaydı, çox güman ki, həmin seçkilər beynəlxalq hesabatlarda ciddi tənqid olunardı. Ermənistanda isə çoxsaylı qanun pozuntularına baxmayaraq, beynəlxalq reaksiyanın kifayət qədər yumşaq olması demokratiyanın bəzi hallarda siyasi maraqlara uyğun şəkildə şərh olunduğunu göstərir.
Əslində müzakirə predmeti N.Paşinyanın siyasi taleyi deyil. Söhbət demokratik institutların fəaliyyətinə verilən qiymətin universal olub-olmamasından gedir. Ermənistan seçkiləri göstərdi ki, bəzi hallarda geosiyasi maraqlar seçki standartlarından daha üstün tutulur.
Yüzlərlə məntəqədə qeydə alınan pozuntular
Müstəqil müşahidəçilərin təqdim etdiyi məlumatlar seçki prosesinin problemsiz keçmədiyini açıq şəkildə ortaya qoyur. Onların hesabatlarına əsasən, ölkə üzrə təxminən 800 seçki məntəqəsində müxtəlif xarakterli qanun pozuntuları qeydə alınıb. Bu göstərici ayrı-ayrı texniki səhvlərdən deyil, sistemli problemlərdən xəbər verir.
Məsələnin miqyasını Ermənistanın öz hüquq-mühafizə orqanlarının açıqladığı rəqəmlər də təsdiqləyir. Ermənistan Daxili İşlər Nazirliyi seçki pozuntuları ilə əlaqədar 79 cinayət işi başladığını, 18 nəfərin həbs olunduğunu açıqlayıb.
Baş Prokurorluğa isə seçki prosesi ilə bağlı 400-dən çox şikayət daxil olub. Həmin müraciətlərin araşdırılması nəticəsində 186 cinayət işi açılıb, 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, Antikorrupsiya Komitəsinin xətti ilə 115 cinayət işi başlanıb. Araşdırmalar çərçivəsində 214 nəfər saxlanılıb, onlardan 91 nəfər həbs edilib.
Bu statistika göstərir ki, pozuntuların miqyası seçkilərin legitimliyi ilə bağlı ciddi suallar yaratmaq üçün kifayət qədər böyük olub. Əgər proses ümumilikdə şəffaf və qanuni şəkildə təşkil edilmişdisə, onda yüzlərlə cinayət işi və yüzlərlə şikayət faktını izah etmək çətinləşir.
Seçici iradəsinə müdaxilə edən mexanizmlər
Seçkilər zamanı ən çox diqqət çəkən pozuntulardan biri seçicilərin müxtəlif yollarla təsir altına alınması və satın alınması ilə bağlı iddialar olub. Müşahidəçilər və hüquq-mühafizə orqanları tərəfindən qeydə alınan faktlar göstərir ki, seçici davranışına qanunsuz müdaxilə cəhdləri geniş yayılıb.
Bununla yanaşı, səsvermənin gizliliyi prinsipi də ciddi şəkildə zədələnib. Demokratik seçkinin əsas elementlərindən biri olan gizli səsvermə bir sıra hallarda formal xarakter daşıyıb. Şəffaf zərflərin istifadəsi, səsvermə kabinələrində çəkilişlərin aparılması və bəzi hallarda açıq səsvermə praktikasının müşahidə olunması seçicinin azad seçim hüququnun qorunması ilə bağlı narahatlıqları artırıb.
Digər ciddi problem səsvermə protokollarında aşkarlanan uyğunsuzluqlar olub. Seçki sənədlərindəki fərqlər və rəqəmlərin uyğun gəlməməsi səslərin hesablanması prosesinin etibarlılığına kölgə salıb.
İnzibati resurslardan istifadə iddiaları
Seçki kampaniyası dövründə inzibati resursların hakim siyasi qüvvənin xeyrinə səfərbər edilməsi ilə bağlı da çoxsaylı məlumatlar yayılıb. Bildirilir ki, büdcə təşkilatlarında çalışan şəxslər və tələbələr hakim partiyanın tədbirlərində iştirak etməyə məcbur ediliblər.
Eyni zamanda seçki məntəqələrinin yaxınlığında təbliğat materiallarının yerləşdirilməsi, dövlət televiziyasının efir imkanlarının əsasən bir siyasi qüvvənin maraqları naminə istifadə olunması rəqabət mühitinin pozulmasına dair sualları daha da artırıb.
Demokratik seçki sistemində dövlət resurslarının bütün namizədlərə və siyasi qüvvələrə bərabər münasibət prinsipi əsasında istifadə olunması vacibdir. Ermənistanda müşahidə edilən mənzərə isə bu prinsipin tam təmin edilmədiyini göstərib.
Saxta qeydiyyatlar və seçici siyahılarındakı problemlər
Seçki prosesinin etibarlılığını şübhə altına alan digər istiqamət seçici siyahıları ilə bağlı olub. Məlumatlara görə, təxminən 18 min hal üzrə siyahı uyğunsuzluğu aşkarlanıb.
Bəzi hallarda seçki siyahılarında həmin ünvanda yaşamayan şəxslərin qeydiyyata alınması, eləcə də müxtəlif manipulyasiyalar barədə məlumatlar yayılıb. Bundan başqa, “müalicə yerində səsvermə” prosedurundan sui-istifadə olunaraq saxta hospitalizasiya hallarının təşkil edilməsi barədə faktlar da gündəmə gəlib.
Bu cür mexanizmlər seçki nəticələrinin obyektivliyinə təsir göstərə biləcək amillər kimi qiymətləndirilir.
“Karusel” sxemi, təzyiqlər və müxalifətin sıxışdırılması
Seçki günü ilə bağlı ən ciddi ittihamlardan biri “karusel” adlandırılan təkrar səsvermə mexanizmlərinin tətbiq edilməsidir. Bu üsul vasitəsilə bəzi şəxslərin bir neçə dəfə səs verməsi ilə bağlı məlumatlar yayılıb.
Səslərin hesablanması zamanı elektrik enerjisinin kəsilməsi halları, hərbi qulluqçuların müəyyən istiqamətdə səs verməyə yönləndirilməsi, seçki məntəqələrində siyasi partiya nümayəndələrinin qeyri-qanuni iştirakı da müşahidəçilərin diqqət çəkdiyi məqamlardandır.
Bundan əlavə, seçkiqabağı və seçkidən sonrakı dövrdə müxalif qüvvələrə qarşı təzyiq elementlərinin tətbiq olunduğu bildirilir. Müxalifət nümayəndələrinin kütləvi saxlanılması və onların fəaliyyətinə müdaxilə edilməsi ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Təkcə bir siyasi partiyanın 700-dən artıq üzvünün saxlanılması bu prosesin miqyasını göstərən ən diqqətçəkən faktlardan biridir. Axtarışların və hüquq-mühafizə tədbirlərinin seçki mübarizəsinin gedişinə təsir göstərə biləcək səviyyədə həyata keçirilməsi də siyasi rəqabətin bərabərliyi məsələsini gündəmə gətirib.
Ermənistan nümunəsi beynəlxalq institutlar üçün sınaqdır
Ermənistanda keçirilən seçkilər bir daha göstərdi ki, demokratiya yalnız seçki nəticələrinin elan olunması ilə ölçülmür. Əsas məsələ seçicinin iradəsinin azad şəkildə formalaşması, siyasi rəqabətin bərabər şərtlərlə aparılması və bütün iştirakçıların qanun qarşısında eyni imkanlara malik olmasıdır.
Azərbaycan üçün prioritet məsələ regionda sülh prosesinin davam etməsidir və bu baxımdan Paşinyan hakimiyyətinin sülh gündəliyinə verdiyi dəstək müsbət amil kimi qiymətləndirilə bilər. Lakin bu reallıq Ermənistanda baş vermiş seçki pozuntularını görməzdən gəlmək üçün əsas sayıla bilməz. Müstəqil müşahidəçilərin qeydə aldığı təxminən 800 məntəqəni əhatə edən pozuntular, yüzlərlə cinayət işi, minlərlə seçici siyahısı uyğunsuzluğu, kütləvi saxlanmalar və digər faktlar seçki prosesinin ciddi problemlərlə müşayiət olunduğunu göstərir.
Bütün bunlar fonunda əsas sual açıq qalır: əgər demokratiya universal dəyərdirsə, niyə eyni pozuntular müxtəlif ölkələrdə fərqli qiymətləndirilir? Ermənistan seçkiləri məhz bu sualın aktuallığını bir daha nümayiş etdirərək beynəlxalq institutların obyektivlik və prinsipiallıq baxımından növbəti ciddi sınağına çevrilib.