Bakı. Trend:
ABŞ-də kiçik biznes nikbinlik indeksi may ayında əvvəlki ay ilə müqayisədə azalıb.
Trend xəbər verir ki, bu barədə Müstəqil Biznesin Milli Federasiyası(NFIB) məlumat yayıb.
Bu, 2024-cü ilin oktyabr ayından bəri ən aşağı göstəricidir. Trading Economics tərəfindən sorğu edilən analitiklər orta hesabla göstəricinin 96 bala qədər yüksələcəyini proqnozlaşdırıblar.
Son 52 ildə indeksin orta dəyəri 98 bal təşkil edib.
NFIB-nin baş iqtisadçısı Bill Dunkelberq bildirib ki, getdikcə daha çox kiçik biznes sahibi yanacaq qiymətlərinin gözlənilməz artımları səbəbindən çətinlik çəkir və kiçik bizneslər bunun öhdəsindən müştərilərə və daha böyük rəqiblərinə nisbətən daha çətin gəlirlər.
Respondentlərin 18%-i inflyasiyanı onların biznesi üçün əsas problem adlandırıb ki, bu da 2024-cü ilin dekabr ayından bəri ən yüksək səviyyədir.
İnflyasiya təzyiqi biznes sahiblərinin qiymətləri qaldırmaq niyyətlərini gücləndirib. May ayında planlaşdırılan qiymət artımlarını bildirən bizneslərin sayı heç bir artım planlaşdırmayanların nisbətini 34% üstələyib. Bu, 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyədir.
İqtisadi vəziyyətin yaxşılaşacağını gözləyən respondentlərin üstünlük təşkil etdiyini əks etdirən oxşar göstərici may ayında bir faiz bəndi azalaraq 3%-ə düşüb ki, bu da 2024-cü ilin oktyabr ayından bəri ən aşağı göstəricidir.
Kiçik biznes sahibləri arasında respondentlərin 70%-i təchizatdakı fasilələrin onların fəaliyyətinə müəyyən dərəcədə təsir etdiyini qeyd edib. Respondentlərin yalnız 16%-i növbəti üç-altı ay ərzində kapital qoyuluşları etməyi planlaşdırdıqlarını bildirib ki, bu da 2009-cu ildən bəri ən aşağı səviyyədir.
Dunkelberq yazıb ki, qeyri-müəyyənlik artımın və investisiyaların düşmənidir və yüksək olaraq qalır. Bu, əsasən İrandakı müharibə, onun qlobal neft və digər malların tədarükünə təsiri ilə bağlıdır.