Bakı.Trend
“Tali̇ban” hərəkatının lideri Hibatullah Axundzadə hərəkat üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadə etməyi qadağan edib.
Trend xəbər verir ki, bu barədə “Afghanistan International” telekanalı müvafiq əmrlə bağlı məlumat yayıb.
Sənədə əsasən, qaydanı pozanlar hərbi məhkəmələr vasitəsilə məsuliyyətə cəlb olunacaqlar, lakin konkret cəza tədbirləri açıqlanmır. Qərarın icrasına nəzarət üçün vəzifəli şəxslər və əməkdaşlar barədə məlumatları, o cümlədən onların vəzifələri, iş yerləri və telefon nömrələrini əhatə edən xüsusi reyestr yaradılıb.
Qadağa Əfqanıstanda müasir rabitə vasitələrinin məhdudlaşdırılması siyasətinin davamıdır. Bundan əvvəl smartfonlardan istifadə artıq məktəblərdə və mədrəsələrdə də qadağan edilmişdi. Ölkənin ali təhsil naziri əvvəllər smartfonları “müsəlmanların üç əsas düşmənindən biri” kimi qələmə vermişdi.