Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sərhədlərarası ödənişlərin təşkili istiqamətində aktiv müzakirələr aparır, müxtəlif inteqrasiya modelləri və əməkdaşlıq mexanizmlərini nəzərdən keçirir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Böyük proqram təminatı mühəndisi və Ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.
Mərkəzi Bank rəsmisi hazırda qurum tərəfindən icra olunan iki mühüm layihə barədə ətraflı məlumat verib.
Bank seçimində sərbəstlik və ödəniş sistemlərinin təkmilləşdirilməsi
T.Acırqayev qeyd edib ki, birinci layihə pensiya, əməkhaqqı və sosial ödənişlərin paylanmasında vətəndaşlara bank seçimi üzrə sərbəstliyin təmin edilməsini nəzərdə tutur:
“Bu modul məcburi xarakter daşımır. Burada əsas məqsəd vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılmasıdır. Bununla da bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. Çoxşaxəli və genişmiqyaslı olan bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daimi müzakirələr aparılır və bu danışıqlar prosesin gələcək istiqamətini müəyyənləşdirir. İlkin mərhələdə əməkhaqqı ödənişləri, növbəti mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi (AÖS) üzərindən reallaşacaq”.
AMB rəsmisi, həmçinin AÖS-ə inteqrasiya etmiş təşkilatlar üçün limitli toplu (bulk) ödənişlərin funksionallığının dəyişdiriləcəyini və limit həddinin yuxarı qaldırılacağını vurğulayıb. Onun sözlərinə görə, əməkhaqqı layihəsi çərçivəsində artıq bir əməliyyat daxilində 100-dən çox ödənişin icrası mümkün olacaq.
Sərhədlərarası ödənişlər: Qlobal trendlər və Azərbaycanın addımları
Çıxışında dünyada ani və rəqəmsal ödənişlərin inkişafının növbəti mərhələyə keçdiyini bildirən T.Acırqayev, növbəti strateji fokusun sərhədlərarası (cross-border) ödəniş əməliyyatları olduğunu qeyd edib:
"Qlobal tendensiya və G20 prioritetləri - son illərdə qlobal ödəniş sənayesində sürətli ödəniş sistemlərinin sərhədlərarası inteqrasiyası ən mühüm trendlərdən biridir. Bu istiqamət G20 ölkələrinin sərhədlərarası ödənişləri daha sürətli, ucuz, şəffaf və əlçatan etmək məqsədilə qəbul etdiyi yol xəritəsinin əsas prioritetlərinə daxildir. İkitərəfli və çoxtərəfli modellər - İlkin mərhələdə ölkələr ikitərəfli modelə üstünlük veriblər. Məsələn, Sinqapurun PayNow sistemi ilə Taylandın PromptPay, daha sonra isə Hindistanın UPI və Malaziyanın DuitNow sistemləri arasında birbaşa bağlantılar qurulub. Hazırda isə dünya Beynəlxalq Hesablaşmalar Bankının (BIS) təşəbbüsü olan və fərqli ölkələrin sistemlərini vahid platformada birləşdirən Project Nexus kimi daha genişmiqyaslı modellərə keçir".
Mərkəzi Bankın nümayəndəsi Azərbaycanın da bu qlobal transformasiya prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb: “Azərbaycan bu prosesdən kənarda qalmamaq üçün ilk mühüm addımlarını atıb. Ani Ödənişlər Sisteminin ISO 20022 standartlarına keçidi və rəqəmsal ödəniş infrastrukturunun inkişafı ölkəmizin bu yeni ekosistemə daxil olması üçün möhkəm baza yaradır. Hazırda Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sərhədlərarası ödənişlərin təşkili istiqamətində aktiv müzakirələr aparılır, müxtəlif inteqrasiya modelləri və əməkdaşlıq mexanizmləri nəzərdən keçirilir”.
T.Acırqayev əlavə edib ki, bu layihənin əsas məqsədi vətəndaşlar və biznes subyektləri üçün daha sürətli, təhlükəsiz və səmərəli beynəlxalq ödəniş imkanlarının yaradılmasıdır.
"Bu addım regional inteqrasiyanı gücləndirməklə yanaşı, Azərbaycanın rəqəmsal maliyyə ekosisteminin inkişafına da mühüm töhfə verəcək", - o əlavə edib.