Bakı. Trend:
İdeal müştəri təcrübəsi üçün transsərhəd ödənişlər də daxili ödənişlər kimi rəqəmsal kanallar vasitəsilə bank müştərilərinə 24/7 rejimində və anında (instant) əlçatan olmalıdır.
Trend xəbər verir ki, bunu SWIFT-in MDB və Qafqaz üzrə ölkə meneceri İrina Lohrer Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə deyib.
O bildirib ki, müasir bank müştərilərinin tələbləri bir neçə il əvvəlki ilə müqayisədə ciddi şəkildə dəyişib:
"Hazırda müştərilər transsərhəd ödənişlərdə sadəlik (ödənişin asan başladılması), şəffaflıq (xərclərin öncədən bilinməsi) və izlənilə bilən rəqəmsal təcrübə tələb edirlər. Bir bank assosiasiyası olaraq SWIFT bu tələbləri çox ciddi qəbul edir və banklara müştəri məmnuniyyətini artırmaqda kömək göstərir".
İrina Lohrer çıxışında ödəniş xidmətlərindən mövcud məmnunluq səviyyəsini göstərən "McKinsey" şirkətinin araşdırmasının nəticələrini də diqqətə çatdırıb:
"Tədqiqata əsasən, müştərilərin yalnız 50%-i ödənişlərin başladılmasındakı sadəlikdən məmnundur; Rüsum və komissiyaların şəffaflığı məsələsində bu göstərici cəmi üçdə bir (təxminən 33%) təşkil edir; Ödənişlərin izlənilməsi xidmətindən isə hər 10 müştəridən yalnız 2-si razıdır".
SWIFT rəsmisi qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün qurum transsərhəd ödəniş zəncirinin müxtəlif mərhələlərində banklara və onların müştərilərinə geniş çeşiddə dəyərli xidmətlər (value-added services) təklif edir:
"Ödənişin başladılması mərhələsində "Swift reference data repository" xidməti vasitəsilə benefisiarın hesab məlumatlarının avtomatik doldurulması təmin edilir. Ödənişin yoxlanılması mərhələsində "Payment pre-validation" xidməti məlumatların düzgünlüyünü yoxlayır, uyğunsuzluqları aradan qaldırır və bununla da gələcəkdə ödənişin ləğv edilməsi riskini minimuma endirir. Ödənişin izlənilməsi mərhələsində "Swift GPI" xidməti ödənişin hərəkətini real vaxt rejimində izləməyə imkan verir"
İ. Lohrer əlavə edib ki, əvvəllər yalnız bankların daxili ofisləri (back office) üçün nəzərdə tutulan bu xidmətlər son illərdə birbaşa bankların rəqəmsal kanallarına inteqrasiya olunub:
"Yeni rəqəmsal interfeys prototipində müştərilərin ödəniş zamanı bütün komissiya, rüsum və valyuta mübadiləsi (FX) xərclərini əvvəlcədən görməsi, məlumatların xətasız hazırlanması və mobil tətbiq üzərindən ödənişi rahatlıqla izləməsi imkanları nümayiş etdirilib. İdeal müştəri təcrübəsi üçün transsərhəd ödənişlər də daxili ödənişlər kimi rəqəmsal kanallar vasitəsilə bank müştərilərinə 24/7 rejimində və anında (instant) əlçatan olmalıdır".