Bakı. Trend:
Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində Azərbaycanda maliyyə-bank sektorunda innovasiyaların genişləndirilməsi məqsədilə İnnovasiya Mərkəzinin yaradılması təklif edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, ölkənin innovasiya mərkəzinə çevrilməsi və türk dövlətləri ilə qlobal maliyyə inteqrasiyasında rolunun artırılması üçün bir sıra mühüm islahatların həyata keçirilməsi vacibdir.
Z.Nuriyev qeyd edib ki, bank sistemində aparılan islahatların davamı olaraq rəqəmsal banklar haqqında qanunun qəbul edilməsi regionda maliyyə-bank sistemi sahəsində inteqrasiya əlaqələrinin genişlənməsinə, bank-müştəri münasibətlərinin tam rəqəmsal müstəviyə keçməsinə və Azərbaycanın “innovasiya hub”ı kimi formalaşmasına mühüm töhfə verəcək.
O vurğulayıb ki, həyata keçiriləcək islahatlar ekosistemdə innovasiyaların tətbiqinin təşviqi və əsas istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaq İnnovasiya Mərkəzinin yaradılması ilə müşayiət olunmalıdır. ABA prezidenti əlavə edib ki, həmin mərkəzin Mərkəzi Bankın nəzdində yaradılması təklif edilir.
Z.Nuriyev həmçinin bildirib ki, innovativ həllərin tətbiqinin davamı olaraq rəqəmsal ödənişlərin daha rahat və effektiv formada həyata keçirilməsi məqsədilə Ani Ödənişlər Sistemində NFC texnologiyası əsasında rəqəmsal ödəniş imkanları yaradılmalıdır.