Bakı. Trend:
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası (avtonom RMS) Kəlbəcərdə quraşdırılaraq istifadəyə verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, stansiya SDR (proqram əsaslı radioqəbuledici) tipli radioqəbuledici avadanlıqlarla təchiz olunub.
Bildirilib ki, Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımların, eləcə də radiotezlik spektrinin məsafədən operativ monitorinqinin aparılması təmin olunub. Yeni yaradılan infrastruktur radiomonitorinq proseslərinin daha çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.
Avtonom RMS-in texniki imkanları günün istənilən vaxtında stansiyaya məsafədən qoşulmağa, real vaxt rejimində spektr məşğulluğunu izləməyə, ölçmə nəticələrini təhlil etməyə və radionəzarət proseslərini məsafədən idarə etməyə şərait yaradır.
Stansiyada modernizasiya işləri aparılıb, videomüşahidə sistemi quraşdırılıb. Həmçinin avadanlıqların məsafədən aktiv və ya deaktiv olunmasına imkan verən idarəetmə funksiyası tətbiq edilib.
Bildirilib ki, Dövlət Radiotezliklər İdarəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Şuşa, Laçın, Zəngilan, Ağdam və Kəlbəcərdə avtonom radiomonitorinq stansiyalarının qurulması təmin olunub.
İşğaldan azad edilmiş ərazilərdə radiomonitorinq, ölçmə, texniki nəzarət və vizual baxış işləri davam etdirilir.

