Bakı. Trend:
Uşaqların sosial media və platformalarda məruz qaldığı təsirlərlə bağlı artıq bəzi ixtisaslaşmış qurumlar artıq həyəcan təbili çalır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünyada da bu məsələ ilə bağlı ciddi narahatlıqlar mövcuddur:
"Böyük Britaniya, Çin, Avstraliya, Fransa kimi ölkələrdə bir sıra qadağalar tətbiq olunmağa başlanıb. Avstraliyada bununla bağlı normativ addım da qəbul olunub. Yetkinlik yaşına çatmayanların sosial platformalara girişinin qadağan edilməsi ilə bağlı müxtəlif müzakirələr aparılır. Azərbaycanda da bu istiqamətdə müzakirələr və məsləhətləşmələr həyata keçirilir. Ümumilikdə, ölkəmizin kifayət qədər zəngin qanunvericilik bazası mövcuddur və bu, kibercinayətkarlıqla mübarizə sahəsini də əhatə edir. Gördüyümüz kimi, rəqəmsal texnologiyalar dünyada sürətlə inkişaf edir və bundan istifadə edən halların müsbət tərəfləri ilə yanaşı, müəyyən neqativ təsirlər də formalaşır. Bu, bilavasitə uşaqlara da təsir göstərir.
Müxtəlif onlayn oyunlar və proqramlar vasitəsilə uşaqların psixoloji cəhətdən zərər görməsinə səbəb ola biləcək yanaşmalar mövcuddur. Buna görə də müəyyən məhdudiyyətlərin tətbiqi zərurəti yaranır. İlk növbədə yaşla bağlı məhdudiyyətlər önə çıxır. Milli Məclisin plenar iclasına bu barədə qanun layihəsi tövsiyə olunub. Mövcud yanaşmaya əsasən, Azərbaycanda yaş həddi təxminən 16 yaş civarında nəzərdə tutulur və müəyyən platformalara uşaqların girişinə məhdudiyyətlər tətbiq edilir. Bu, sadə görünsə də, əslində kifayət qədər mürəkkəb prosesdir. Burada bir sıra vacib məqamlar mövcuddur. Uşaqların məlumat əldə etmək hüququ ilə bağlı məsələlər də nəzərə alınmalıdır. Ən önəmli məsələlərdən biri uşaqların rəqəmsal təzyiq və zorakılığa məruz qala biləcəyi platformalarla bağlıdır və bu sahədə provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Mövcud qanunvericilikdə həmin provayderlər üçün cərimələr və digər məsuliyyət mexanizmləri nəzərdə tutulur. Hazırda müzakirə edilən qanun layihəsi qəbul olunduqdan sonra bir il müddətində qüvvəyə minməsi planlaşdırılır. Bu müddət ərzində geniş müzakirələr aparılacaq və məqsəd uşaqların hüquqlarının daha effektiv şəkildə qorunmasını təmin etməkdir", - o bildirib.