Bakı. Trend:
Azərbaycanın Pakistan şirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Trend bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən xəbər verir.
Belə ki, AZPROMO-da Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın investisiya mühiti, iqtisadi zonalarda yaradılan infrastruktur, investorlar üçün tətbiq olunan güzəştlər, eləcə də Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Tərəflər sənaye infrastrukturu, tekstil və geyim istehsalı, pərakəndə satış, qida məhsulları, səhiyyə texnologiyaları, tibbi turizm və daşınmaz əmlak sahələrində mümkün tərəfdaşlıq istiqamətlərini qiymətləndirib, məlumat mübadiləsinin aparılmasına dair razılığa gəliblər. Həmçinin Pakistan tərəfi bu ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub.
Qeyd edək ki, Azərbaycan ilə Pakistan arasında iqtisadi və siyasi əməkdaşlıq son illərdə ardıcıl olaraq genişlənməkdədir. İki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı etimad və dəstəyə əsaslanaraq müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Məsələn, bir müddət əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb. Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətləri məmnunluqla vurğulanıb, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyi qeyd olunub. Tərəflər Azərbaycan-Pakistan münasibətlərinin iqtisadi sahədə də geniş potensiala malik olduğunu bildiriblər. Müzakirələr zamanı iqtisadi əməkdaşlıq imkanlarının tam reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Tərəflər ticarət, enerji, sənaye, nəqliyyat və digər istiqamətlərdə birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Tərəflər Preferensial Ticarət Sazişinin iki ölkə arasında iqtisadi əlaqələrin və işgüzar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Sazişin biznes subyektləri arasında əlaqələrin möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verdiyi vurğulanıb.