Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 1,514 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 86,9 milyon ABŞ dolları və ya 6,1% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,70%-i həcmində olub. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Çinə 40,034 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,002 milyon ABŞ dolları və ya təqribən 1,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,474 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 71,9 milyon ABŞ dolları və ya 5,1% artım deməkdir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17,403 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 485 milyon dollar və ya 2,9% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,1 milyard ABŞ dolları və ya 35,2% artıb, idxal isə 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.
Yekunda xarici ticarətdə 6,354 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,7 milyard ABŞ dolları və ya 9,7 dəfə çoxdur.
Ümumilikdə Azərbaycan ilə Çin arasında iqtisadi-ticarət əlaqələri dinamik inkişaf edir. İkitərəfli əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır. Son dövrlərdə maliyyə sektoru, kapital bazarları, ödəniş sistemləri, enerji, geoloji kəşfiyyat və kənd təsərrüfatı sahələrində də əlaqələr genişlənir. Bu çərçivədə Azərbaycan Mərkəzi Bankı ilə Çin Sənaye və Ticarət Bankı (ICBC) arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, SOCAR və Çinin "BGP Inc." şirkəti isə birgə layihələrin həyata keçirilməsi və tərəfdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bundan əlavə, Azərbaycanın fındıq və badam məhsullarının Çin bazarına çıxışı ilə bağlı əldə olunan razılaşmalar iki ölkə arasında qeyri-neft ixracının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Çin arasında əməkdaşlığın vacib istiqamətlərindən biri də Orta Dəhlizin inkişafıdır. Azərbaycanın strateji coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları Çini Avropa bazarları ilə birləşdirən bu marşrutun əhəmiyyətini artırır. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat infrastrukturu layihələri çərçivəsində əməkdaşlığın genişlənməsi Orta Dəhliz üzrə yükdaşımaların həcminin artmasına və regionun tranzit potensialının güclənməsinə töhfə verir.