Bakı. Trend:
Bu gün müzakirəyə çıxarılan qanun layihəsi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi və dövlətin informasiya məkanının qorunması baxımından mühüm hüquqi islahatları əhatə edir.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, artıq uşaqların formalaşdığı əsas mühit fiziki deyil, rəqəmsal məkandır və bu mühit həm öyrənmə və ünsiyyət imkanları yaratdığı kimi, ciddi risklər də doğurur:
"Bu risklərə dezinformasiya, zorakılıq və manipulyativ məzmun, eləcə də asılılıq yaradan rəqəmsal təsirlər daxildir. Buna görə də uşaqların müdafiəsi yalnız ailə deyil, həm də dövlət səviyyəsində sistemli yanaşma tələb edir. Azərbaycan Respublikasında bu sahə artıq dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, uşaqların rəqəmsal mühitdə qorunması üzrə hüquqi və institusional baza formalaşdırılmışdır. Təqdim olunan qanun layihəsi də bu istiqamətdə yeni mərhələ yaradır".
Komitə sədrinin sözlərinə görə, layihədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə qeydiyyatının məhdudlaşdırılması, yaşın yoxlanılması və valideyn razılığı mexanizmləri, valideyn nəzarəti funksiyaları, fərdi məlumatların qorunması, provayderlərə dair tələblər və məsuliyyət mexanizmləri nəzərdə tutulur.
"Eyni zamanda, məlumatların qorunması, saxlanılmaması və kommersiya məqsədləri üçün istifadə edilməməsi kimi prinsiplər qanunvericilikdə təsbit edilir ki, bu da uşaqların rəqəmsal izinin təhlükəsizliyi baxımından mühüm addımdır. Beynəlxalq təcrübə də göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi yalnız zəruri məlumatların toplanması, məqsədli istifadə və ehtiyac bitdikdə silinmə prinsipləri ilə təmin oluna bilər.
Nəticə etibarilə, bu qanun layihəsi uşaqların qorunmasını gücləndirən, ailələrin məsuliyyətini artıran və dövlətin informasiya təhlükəsizliyini möhkəmləndirən mühüm hüquqi sənəddir", - Bahar Muradova əlavə edib.