Bakı.Trend:
Aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident maliyyə təşkilatları (həmçinin statistik vahidin ödəniş kartları) tərəfindən emissiya edilmiş "American Express" kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 4,9 min, əməliyyatların həcmi isə 600 min manatdan çox olub.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə "American Express" kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 4,2 mindən çox və ya 46 faiz, əməliyyatların həcmi isə 500 min manatdan çox və ya 45 faiz azalıb.
Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş "American Express" kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 1,5 min, əməliyyatların həcmi isə 600 min manat təşkil edib.
Qeyd edək ki, rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları (yerli banklar və ya maliyyə təşkilatları) tərəfindən buraxılmış ödəniş kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların ümumi sayını və həcmini əks etdirir.
Qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi isə xarici ölkələrdə fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartlarından istifadə edilməklə Azərbaycanda həyata keçirilən əməliyyatların sayını və ümumi məbləğini göstərir.
"American Express" müasir texnologiyalar əsasında fəaliyyət göstərən qlobal ödəniş xidmətləri və premium həyat tərzi brendidir. Şirkətin dünyanın müxtəlif ölkələrində çalışan əməkdaşları müştərilərə onların həyat keyfiyyətinin yüksəldilməsinə və bizneslərinin inkişafına töhfə verən fərqləndirilmiş məhsul, xidmət və həllər təqdim edirlər.
1850-ci ildə əsası qoyulan və baş qərargahı Nyu-Yorkda yerləşən "American Express" fəaliyyətini etimad, təhlükəsizlik, yüksək xidmət keyfiyyəti, eləcə də uzunillik innovasiya və müştərilər üçün dəyər yaratma prinsipləri üzərində qurur.
Şirkət hər gün geniş istehlakçı kütləsi, kiçik və orta biznes nümayəndələri, həmçinin iri korporativ müştərilər üçün ən yüksək səviyyəli müştəri təcrübəsi təqdim etməyə çalışır. Bununla yanaşı, "American Express" qlobal şəbəkəsi çərçivəsində milyonlarla ticarət tərəfdaşı ilə əməkdaşlıq əlaqələri qurur və onları davamlı olaraq inkişaf etdirir.