Bakı. Trend:
Qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün “avtonom nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar daxil ediləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunacaq.
Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən ediləcək.
Layihədə, avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunması təklif edilir.
Həmçinin, hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə biləcək. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunacaq.
Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd ediləcək.