Mayın 29-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İçərişəhərdə “Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” adlı genişmiqyaslı festivalın açılış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərin təbliği və bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır. Tədbir çərçivəsində Qarabağa həsr olunmuş sərgi, canlı musiqi proqramları, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil edilib.
Açılış mərasimində çıxış edən Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq, bu cür festivalların mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Daha sonra “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirova çıxış edərək festivalın əsas ideyasının Qarabağın hər rayonunun özünəməxsus səsi, sənəti və mədəni kimliyi ilə təqdim olunması olduğunu qeyd edib.
“Qarabağın zəngin mədəni xəritəsini bir platformada təqdim etmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaq və bu dəyərləri gələcək nəsillərə sevdirmək əsas məqsədimizdir”, – deyə o vurğulayıb.
Tədbirin rəsmi hissəsində Milli Məclisin deputatları Günay Əfəndiyeva, Nigar Arpadarai, Hikmət Babaoğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Pərvanə Vəliyeva və Azər Allahverənov çıxış edərək festivalın Qarabağın mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb, layihənin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Festival bədii proqram və konsert çıxışları ilə davam edib. İştirakçılar Qarabağın müxtəlif rayonlarına məxsus mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

