BMT-nin silahlı münaqişələr şəraitində seksual zorakılığa dair yeni hesabatında İsrail və Rusiyanın adı təhlükəsizlik qüvvələrinin iştirakı iddia edilən zorakılıq halları ilə əlaqədar “qara siyahı”ya daxil edilib.
Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Hesabata əsasən, BMT 2023–2025-ci illər ərzində Qəzza zolağı və İordan çayının qərb sahilində fələstinlilərə qarşı 31 seksual zorakılıq faktını təsdiqlədiyini bildirib. Sənəddə qeyd olunur ki, qeydə alınan hallar arasında qrup halında zorlamalar, seksual zorakılığın işgəncə forması kimi tətbiqi, zorlamaya cəhdlər və digər ağır pozuntular yer alıb.
BMT vurğulayır ki, beynəlxalq müstəntiqlərin bölgəyə çıxışının məhdudlaşdırılması səbəbindən müəyyən edilən faktlar mümkün mənzərənin yalnız bir hissəsini əks etdirə bilər.
Sənəddə iddia olunur ki, İsrail beynəlxalq ekspertlərin saxlanma yerlərinə girişini məhdudlaşdırıb, Qəzzaya çıxışı çətinləşdirib və sui-istifadə halları barədə məlumat verən fələstinli məhbuslar üçün risklər yaradıb.
Rusiya ilə bağlı hissədə isə BMT Ukrayna vətəndaşlarına, o cümlədən hərbi əsirlər və mülki şəxslərə qarşı “sistemli seksual zorakılıq” iddialarının araşdırılmasına maneələr yaradıldığını bildirir.
Hesabatda qeyd olunur ki, giriş məhdudiyyətlərinə baxmayaraq, Rusiya qüvvələri tərəfindən törədildiyi iddia edilən 310 zorakılıq hadisəsi qeydə alınıb. Buraya zorlama, işgəncə və digər zorakılıq formaları daxildir. Bildirilir ki, zərərçəkənlərin əksəriyyəti kişilər olsa da, qadınlar və uşaqlar arasında da qurbanlar var.
BMT sənədində vurğulanır ki, bir çox hallarda zərərçəkənlər bir neçə zorakılıq formasına məruz qalıb və bəzi şəxslər təkrar hücumların qurbanı olub.
Həm Rusiya, həm də İsrail ittihamları rədd edir.
İsrailin BMT-dəki daimi nümayəndəsi ölkəsinin hər bir iddia üzrə cavab və sübutlar təqdim etdiyini bildirib, lakin bunları ictimaiyyətə açıqlamayıb.
BMT hesabatında həmçinin vurğulanır ki, münaqişə zonalarında seksual zorakılığa görə cəzasızlıq mühiti bu cür cinayətlərin təkrarlanmasına şərait yaradır.
Sənəddə digər tərəflərin də adı çəkilir. Hesabatda Ukrayna ilə bağlı onlarla zorakılıq faktının təsdiqləndiyi, həmçinin HƏMAS qruplaşmasının daha əvvəl 7 oktyabr hadisələri və girovlarla rəftar səbəbindən analoji siyahıya salındığı qeyd olunur.