Yəmənin sabiq prezidenti Abd Rabbo Mansur Hadi 80 yaşında vəfat edib. Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinə görə, siyasətçi mayın 28-i sübh vaxtı Riyad şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişib. Bir sıra Yəmən media orqanlarının məlumatına əsasən, Hadi son iki həftə ərzində ürək problemlərindən əziyyət çəkib və vəziyyəti sürətlə ağırlaşıb. Məlumatlara görə, keçmiş liderin cənazəsinin vida və dəfn mərasimi üçün ölkənin müvəqqəti paytaxtı olan Ədən şəhərinə aparılması gözlənilir.
Yəmənin birləşməsindən sonra ölkənin ikinci prezidenti olan Abd Rabbo Mansur Hadi bu vəzifəyə 2012-ci ildə 2011-ci ildə baş verən kütləvi hökumət əleyhinə etirazlardan sonra başlayan keçid dövrü çərçivəsində rəsmi şəkildə gəlmişdi. 2015-ci ildə paytaxt Səna şəhərinin üsyançı "Ansar Allah" hərəkatı tərəfindən ələ keçirilməsindən sonra Hadi ölkəni tərk edərək Səudiyyə Ərəbistanına getmək məcburiyyətində qalmışdı. 2022-ci ilin aprelində isə o, istefa verdiyini elan etmişdi.