Kanada Ebola virusu təhlükəsi səbəbindən Konqo, Uqanda və Cənubi Sudandan girişə məhdudiyyət tətbiq edir.
Modern.az xəbər verir ki, “The Globe and Mail” nəşrinin məlumatına görə, məhdudiyyətlər daimi və müvəqqəti yaşayış vizalarına şamil olunur və çərşənbə günündən qüvvəyə minəcək.
Qərarın Baş nazir Mark Carneyin rəhbərlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra qəbul edildiyi bildirilir. Buna səbəb Konqo və Uqandada Ebola yoluxmalarının artması olub.
Nəşrin yazdığına görə, ABŞ da daha əvvəl oxşar tədbirlər görərək son 21 gün ərzində bu ölkələrdə olmuş əcnəbilərin ölkəyə girişini qadağan edib.
Kanadada əlavə sanitar tələblər də tətbiq olunacaq. Belə ki, ölkəyə gələn şəxslər tibbi müayinədən keçməli, simptomları olmayanlar isə 21 günlük özünütəcrid planı təqdim etməlidirlər.
Bununla yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı sərhədlərin bağlanmasının mümkün mənfi nəticələrə səbəb ola biləcəyini bildirərək belə addımlardan çəkinməyə çağırıb.