Bakı.Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 461,3 min ton xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,2 milyon ABŞ dolları və ya 11,5 faiz, fiziki həcm ifadəsində isə 39 min tondan çox (və ya 7,8 faiz) azalıb.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Rumıniyaya təxminən 280,1 milyon ABŞ dolları dəyərində, 500,3 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Hesabat dövründə Rumıniya Azərbaycandan ən çox neft idxal edən ölkələr arasında ikinci yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.
Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.