Bakı. Trend:
Fransanın keçmiş Baş naziri Qabriel Attal 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən elan edib. Bu addım onun sağ mərkəzçi siyasi blok daxilində mövqeyini gücləndirməyə yönəlmiş strategiyasında yeni mərhələ kimi qiymətləndirilir.
Trend-in məlumatına görə, 37 yaşlı siyasətçi namizədliyini Aveyron departamentində yerləşən və təxminən 700 nəfər əhalisi olan Mur-de-Barrez kommunasında açıqlayıb.
Attalın namizədliyini elan etməsi “La Tribune Dimanche” qəzetində dərc olunan və təxminən 500 yerli seçilmiş nümayəndənin imzaladığı müraciətdən bir neçə gün sonraya təsadüf edir. Həmin müraciətdə siyasətçiyə prezident seçkilərində iştirak etməsi üçün çağırış edilmişdi.