Bakı.Trend:
Şəhər forması yalnız məkan məsələsi deyil, həm də sistem performansı məsələsidir.
Trend xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Birləşmiş Krallığın Dayanıqlılıq siyasəti və araşdırmalar üzrə rəhbəri Kris Trott bildirib.
Onun sözlərinə görə, şəhərlərin necə qurulması mobilliyə, əlçatanlığa və gündəlik şəhər həyatına birbaşa təsir göstərir.
“Bu təcrübə isə transformasiyanın zamanla sosial və siyasi baxımdan davamlı olub-olmayacağını müəyyənləşdirir. Getdikcə daha dayanıqlı və aşağı karbon emissiyalı şəhərlərin formalaşması yalnız texnologiya və investisiyadan asılı deyil. Əsas məsələ şəhər inkişaf etdikcə insanların gündəlik həyatlarında yaxşılaşmanı hiss etməyə davam etməsidir. Biz yaxın zamanda London üzrə müəyyən araşdırma aparmışıq və bunu “London 2050” planı çərçivəsində müxtəlif inkişaf imkanlarını qiymətləndirmək üçün nümunə kimi istifadə etmişik”.
O, həmçinin çox sıx və hündürmərtəbəli inkişaf modelindən daha geniş yayılmış inkişaf modelinədək dörd fərqli inkişaf strategiyasını təhlil etdiyini də diqqətə çatdırıb:
“Vacib məqam ondan ibarətdir ki, təkcə çoxmərkəzli inkişaf modeli kifayət deyil. Çoxsaylı mərkəzlər yalnız tranzit yönümlü inkişaf, qarışıq istifadə konsepsiyası, piyada üçün əlverişli və insanların vaxt keçirmək istədiyi rahat məkanlarla bir-birinə real şəkildə bağlandıqda uğurlu olur”, - C.Trott qeyd edib.
O, həmçinin vurğulayıb ki, daha yığcam və əlaqəli şəhər strukturları piyada hərəkətini, velosiped istifadəsini və ictimai nəqliyyatı təşviq edir, orta səfər məsafələrini azaldır və daha sağlam şəhər mühiti yaradır:
“Dağınıq, pərakəndə və zəif əlaqələndirilmiş şəhər modelləri isə avtomobildən asılılığı və daha uzun məsafəli səfərləri artırır. Əslində, insanların davranışını şəhər quruluşunun özü formalaşdırır. Uğurlu keçid təkcə memarlıq, mühəndislik, texnologiya və investisiyadan asılı deyil.
K.Trott əlavə edib ki, piyada hərəkəti üçün əlverişlilik, əlçatanlıq, yaşıllıq, ictimai həyat və yerli kimlik ikinci dərəcəli elementlər deyil:
“Bunlar daha dayanıqlı, uyğunlaşa bilən və aşağı karbonlu şəhərlərin formalaşmasına kömək edən əsas infrastrukturun bir hissəsidir. Mahiyyət etibarilə, şəhərlər davranışları formalaşdırır, davranışlar isə keçid prosesinin istiqamətini müəyyənləşdirir”.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.