Bakı. Trend:
Azərbaycanda yanvar – aprel ayları ərzində ölkə üzrə ən yüksək artım informasiya və rabitə sahəsində qeydə alınıb.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Aprel ayının sonuna olan məlumata əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2,1%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 3%-ə yüksəlib.
Sahə üzrə gəlirlərdə də müsbət dinamika müşahidə olunur. Hesabat dövründə ümumi gəlir 1 milyard 271 milyon 200 min manata çatıb. Sektorun gəlirləri real ifadədə 9% və ya 127 milyon manat artıb. Son illərdə sektorun ümumi gəlirlərində informasiya xidmətlərinin payı artan dinamika üzrə davam edir. Xüsusilə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri üzrə gəlirlərdə 30,8% artım qeydə alınıb ki, bu da sektorun struktur baxımından daha yüksək dəyərli xidmətlərə keçidini göstərir.
Sektor üzrə investisiya qoyuluşlarında da artım müşahidə olunub. Hesabat dövründə informasiya və rabitə sektoruna yatırılan investisiyaların həcmi 76,7% və ya 80 milyon 300 min manat artaraq 185 milyon manat təşkil edib.