Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumu (WUF 13) çərçivəsində "Urban Expo" sərgisi ərazisində təşkil olunan "Baku White City" pavilyonu xarici qonaqların xüsusi marağına səbəb olub.
Trend xəbər verir ki, müxtəlif ölkələrdən olan nümayəndələr Bakı Ağ Şəhər layihəsinin müasir şəhərsalma konsepsiyasını, yaşıl məkanlarla inteqrasiya olunmuş urban həllərini və şəhərin transformasiya modelini yüksək qiymətləndiriblər.
Tanzaniyadan olan nümayəndə Kenedy Chiguru bildirib ki, “Black City”dən “White City”yə keçid konsepsiyası olduqca təsiredicidir.
“Əlbəttə, çox gözəldir. Onların “Black City”ni “White City”yə çevirmə üsulunu çox bəyəndim. Bu, möhtəşəmdir”, deyə o vurğulayıb.
O qeyd edib ki, layihədə yaşıl məkanların, geniş yolların, istirahət və ticarət zonalarının bir araya gətirilməsi şəhər inkişafı baxımından uğurlu yanaşmadır.
“Mən şəhərin dizaynından çox təsirləndim. Köhnə sənaye zonasından müasir şəhərə çevrilməsi çox uğurlu görünür”, deyə o qeyd edib.
Pakistandan olan nümayəndə Muhammad Ali isə Bakının ümumi görünüşündən və şəhərdəki qonaqpərvərlikdən məmnun qaldığını bildirib.
“Bakını ailəmlə birlikdə gəzdik. Çox gözəl ölkədir. Ağ Şəhər layihəsi xüsusilə çox gözəldir. Təbiəti və şəhər mühiti çox xoş təsir bağışlayır”, - deyə o bildirib.
Qonaq əlavə edib ki, Azərbaycanda insanların yardımsevər münasibəti və viza prosesinin rahat təşkili onda müsbət təəssürat yaradıb.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.


