Bakı. Trend:
Özbəkistan son illərdə yüksək mərkəzləşdirilmiş planlaşdırma sistemindən uzaqlaşmaq və şəhər idarəçiliyində daha koordinasiyalı yanaşma formalaşdırmaq istiqamətində mühüm addımlar atır.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının Özbəkistan üzrə nümayəndəsi Məhəmməd Nader Dünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “İki region, bir gündəm: inklüziv şəhər yenilənməsi üzrə dərslər” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, ölkədə uzun müddət məkan planlaşdırılması ilə iqtisadi və investisiya planları arasında ciddi uyğunsuzluq mövcud olub.
“Məkan planlarını hazırlayan qurumlar iqtisadi planları və kapital investisiya proqramlarını hazırlayan qurumlardan tamamilə fərqli idi. Yerli səviyyədə icra ilə məşğul olan strukturlar da prosesdən ayrı vəziyyətdə idi”, – deyə o qeyd edib.
Məhəmməd Nader bildirib ki, bu problemlərin aradan qaldırılması üçün ölkədə genişmiqyaslı islahat proqramı həyata keçirilir.
“Milli, regional və rayon səviyyəsində planlaşdırma eyni vaxtda aparılır. Milli plan hazırlanıb, regionlar üzrə planlar işə salınıb. Eyni zamanda 208 rayondan 35 i üzrə rayon planları hazırlanır və gələn il daha 17 rayonun əlavə olunması nəzərdə tutulur”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, regional planların milli planla, rayon planlarının isə regional sənədlərlə uyğunlaşdırılması əsas prioritetlərdən biridir.
Dünya Bankının nümayəndəsi məlumat bazasının formalaşdırılmasını da əsas istiqamətlərdən biri adlandırıb.
“Milli məkan məlumat infrastrukturu yaradılır. Məqsəd bütün dövlət qurumlarının məlumatlarını vahid geo platformada birləşdirməkdir ki, qərar qəbul edən şəxslər daha düzgün investisiya qərarları verə bilsinlər”, – deyə o əlavə edib.
Məhəmməd Nader qeyd edib ki, Özbəkistanda həyata keçirilən dəyişikliklər çox sürətlə aparılır.
“Bir çox ölkələrdə hökumətlərə daha sürətli işləməyi tövsiyə edirdim. Amma Özbəkistanda bəzən əksinə, bir qədər yavaşlamağı xahiş edirəm. Çünki iş tempi inanılmaz dərəcədə yüksəkdir”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.