Bakı.Trend:
Azərbaycanın yaratdığı enerji dəhlizləri böyük ilham mənbəyidir və hazırda Pakistanda lokal regional şəbəkələrin və enerji həllərinin formalaşdırılması imkanları nəzərdən keçirilir.
Bunu Pakistan İslam Respublikasının iqlim dəyişiklikləri və ekoloji koordinasiya məsələləri üzrə federal naziri Musadik Məsud Malik Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Trend-ə bildirib.
Azərbaycanla mümkün razılaşmalarla bağlı sualı cavablandıran nazir bildirib ki, artıq əməkdaşlıq üzrə çərçivə sənədi mövcuddur.
“Əməkdaşlıq məsələləri üzrə artıq hərtərəfli qarşılıqlı anlaşma memorandumu mövcuddur. Biz bu istiqamətdə işləməyə davam edirik və gələcəkdə də davam etdirəcəyik. Qarşılıqlı fəaliyyətin əhəmiyyətli hissəsi qeyri-rəsmi formatda həyata keçirilir. Müzakirələrimizin böyük hissəsi qeyri-rəsmi şəkildə baş tutur və biz birlikdə həll yolları tapmağa çalışırıq”, — deyə Malik bildirib.
Nazir vurğulayıb ki, Pakistan genişmiqyaslı daxili inkişaf proqramları həyata keçirir.
“Təkcə Pəncab əyalətində biz təxminən 160 min mənzil həlli layihəsi icra etmişik ki, onlardan da təxminən 100 min ev artıq tikilib. Diqqət əsas infrastrukturun yaradılmasına və resurslara çıxışın təmin olunmasına yönəlib. Biz hər bir dairəni mərhələli şəkildə inkişaf etdirməyə çalışırıq. Təmiz içməli su ilə təminat üzrə həlləri tətbiq etməyə çalışırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.