Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin dəvəti ilə 19–20 may tarixlərində Pekində səfərdə olacaq. Səfər iki ölkə arasında imzalanmış “mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyinə həsr olunub. Danışıqların nəticəsində tərəflər təxminən 40 ikitərəfli sənəd imzalayacaqlar. Modern.az xəbər verir ki, “Kommersant” səfərlə bağlı əsas məqamlardan yazıb. Belə ki, Vladimir Putin 19 may axşamı Çinə çatacaq. Onu hava limanında Çinin XİN rəhbəri Vang Yi qarşılayacaq.
Rəsmi proqram 20 may səhər Tyananmen meydanında Vladimir Putin və Si Cinpin üçün keçiriləcək qarşılanma mərasimi ilə başlayacaq. Daha sonra liderlər dar tərkibdə danışıqlar aparacaqlar. Rusiya tərəfindən görüşdə baş nazirin 5 müavini, bir neçə nazir, prezident administrasiyasının nümayəndələri və iri biznes təmsilçiləri iştirak edəcək.
Daha sonra geniş tərkibli danışıqlar keçiriləcək. Tərəflər arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında birgə bəyanat, çoxqütblü dünya və yeni beynəlxalq münasibətlər barədə deklarasiya, sənaye, ticarət, nəqliyyat, tikinti, təhsil, kino, atom energetikası və media sahələrində əməkdaşlığa dair hökumətlərarası və qurumlararası sənədlər imzalanacaq.
“Sibirin Gücü-2” qaz kəməri layihəsi də gündəmdə olacaq və geniş şəkildə müzakirə ediləcək.
Rusiya nümayəndə heyətinin tərkibi ümumilikdə 39 nəfərdən ibarət olacaq. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 13–15 may tarixlərində Çində olub.