İranda son illərdə şəhərsalma siyasətində su qıtlığı, iqlim dəyişikliyi, suya həssas planlaşdırma və enerji istehlakının idarə olunması əsas prioritetlərdən birinə çevrilib.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu” tədbirində İranın yollar və şəhərsalma nazirinin müavini Qulamrza Kazemian bildirib.
O qeyd edib ki, təxminən beş il əvvəl hazırlanmağa başlayan yeni nəsil kompleks şəhər inkişaf planlarında bu istiqamətlər xüsusi nəzərə alınıb. Qərbi Azərbaycan əyalətində yerləşən Xomir şəhəri və digər şəhərlər üçün hazırlanan şəhərsalma planları məhz bu yanaşma əsasında təsdiqlənib. İsfahan üçün hazırlanan oxşar planların isə İranın Şəhərsalma və Memarlıq üzrə Ali Şurasında təsdiqlənməsi gözlənilir.
“Qlobal enerji balansı böhranının dərinləşməsi fonunda enerji istehlakının artması və istehsal imkanlarının məhdudluğu sənaye və xidmət sektorlarında enerji təminatını çətinləşdirib.
İranda binalar illik ümumi enerji istehlakının 40 faizdən çoxunu təşkil edir. Buna görə bina sektoru xüsusilə pik elektrik tələbatı dövrlərində enerji idarəçiliyində mühüm rol oynayır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ölkənin bir çox bölgəsində ildə 300-dən çox günəşli günün olması bərpa olunan enerji potensialını artırır və günəş enerjisinə investisiyaları zəruri edir.
Kazemian nəzərə çatdırıb ki, İranın Yol və Şəhərsalma Nazirliyi Energetika Nazirliyi və Tikinti Mühəndisliyi Təşkilatı ilə birlikdə yaşayış binalarında günəş sistemlərinin genişləndirilməsi ilə bağlı memorandum imzalamağa hazırlaşır.
“Layihə “Tikinti Mühəndisliyi və Nəzarət haqqında” qanun çərçivəsində həyata keçiriləcək. Təşəbbüsün əsas məqsədi bina sektorunda enerji istehlakını azaltmaq və tikililərin enerji tələbatının bir hissəsini günəş panelləri hesabına təmin etməkdir. Bunun üçün texniki və mühəndis dəstəyi, maliyyə təşviqləri və kredit imkanlarının təqdim olunması planlaşdırılır”.
Nazir müavini əlavə edib ki, layihə xərclərinin enerji qənaəti və İran Enerji Birjasında satılan enerji qənaəti sertifikatları hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
O xatırladıb ki, 1995-ci ildə qəbul edilən “Tikinti Mühəndisliyi və Nəzarət haqqında” qanun binaların layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı texniki standartları müəyyən edir. Son 30 ildə isə “Enerji istehlakına qənaət” adlı 19-cu bölmə çərçivəsində binalarda enerji sərfiyyatının azaldılması istiqamətində ardıcıl iş aparılıb.
Kazemianın sözlərinə görə, həmin bölmənin son redaksiyası “Binalarda enerji idarəçiliyi” adı ilə hazırlanıb və burada layihələndirmə, tikinti və istismar prosesində iştirak edən tərəflər üçün icrası məcburi olan öhdəliklər müəyyən edilib.
“Sənədin beşinci nəşrində ilk dəfə binaların həyat dövrü üzrə qiymətləndirmə sistemi tətbiq olunub və yaşıl bina reytinqi üzrə A, B, C və D səviyyələri müəyyənləşdirilib. Yeni yanaşmaya əsasən, enerji səmərəliliyi həm normativ göstəricilər, həm də enerji performansının simulyasiyası əsasında qiymətləndirilir”, - deyə Q.Kazemian qeyd edib.