Bakı.Trend:
Evsizlik probleminin həlli qlobal prioritetlərdən biri kimi nəzərdən keçirilməli və ölkə liderlərinin bəyannamələrində, eləcə də aidiyyəti nazirliklərin fəaliyyətində öz əksini tapmalıdır. Bununla yanaşı, mənzil sahəsində ehtiyacların qiymətləndirilməsi və irəliləyişin monitorinqi üçün vahid yanaşmalardan istifadə edilməlidir.
Trend xəbər verir ki, bunu Kanadanın Mənzil Tikintisi, İnfrastruktur və İcmalar Nazirliyində nazir müavininin köməkçisi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində baş tutan “Mənzil - qlobal koalisiyaların mərkəzində” adlı sessiyada deyib.
Onun sözlərinə görə, mənzil məsələlərinin infrastruktur, maliyyə və dayanıqlılıq forumlarının gündəliyinə daxil edilməsi daha əlaqələndirilmiş və uzunmüddətli fəaliyyətlərin təmin olunmasına imkan verəcək.
O, həmçinin vahid indikatorların və hesabatlılıq sistemlərinin hazırlanmasının vacibliyini vurğulayıb. Buraya UN-Habitat tərəfindən evsizliyin müəyyənləşdirilməsi və ölçülməsi üzrə təşəbbüslər də daxildir ki, bu da qlobal hesabatlılığı gücləndirəcək.
Kanada nümayəndəsi qeyd edib ki, ölkəsinin təcrübəsi mənzil ehtiyacının dəqiq müəyyənləşdirilməsinin effektivliyini göstərir. Bu yanaşma əlçatmaz, həddindən artıq sıx məskunlaşmış və ya yaşayış üçün yararsız mənzillərlə üzləşən ev təsərrüfatlarını müəyyən etməyə və Birləşmiş Millətlər Təşkilatınin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədinə uyğun olaraq daha dəqiq siyasət formalaşdırmağa imkan verir.
“Kanadanın evsizlik probleminin həlli üzrə yanaşması digər ölkələrdə də tətbiq oluna bilər. Federal “Reaching Home” proqramı çərçivəsində məlumatlara əsaslanan, icma yönümlü və “Housing First” tipli yanaşmalar həyata keçirilir. Eyni zamanda, evsizlər üçün xidmətlərə koordinasiyalı çıxış təmin edilir ki, bu da yardımın “giriş nöqtəsindən” asılı olmayaraq göstərilməsinə imkan yaradır. Evsizliyin əsas səbəbi təhlükəsiz, əlçatan və keyfiyyətli mənzil çatışmazlığı olaraq qalır”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.