Bakı. Trend:
İşğaldan azad edilmis ərazilərdə daha 9 su anbarı tikiləcək.
Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, tikinti və inkişaf işlərinin gələcək planlara uyğun aparılması məqsədilə işğaldan azad edilmiş ərazilərin baş planları təsdiqlənib:
"8 şəhər üzrə baş planlar təsdiqlənib, 4 şəhər üzrə isə baş planların hazırlanması davam etdirilir. Ümumilikdə 10 min hektardan çox şəhər ərazisi bu planlar çərçivəsində əhatə olunur. Hər bir baş plan 20 illik inkişaf mərhələsini nəzərə alaraq hazırlanmışdır.
Ümumilikdə 13 600 kvadrat kilometr ərazini əhatə edən region üzrə təxmini 1.1 milyon əhalinin geri qayıdışı nəzərdə tutulur. Baş planlar nəqliyyat infrastrukturu və logistika şəbəkələrini də əhatə edir. Bu çərçivədə 3 800 kilometrdən çox yol layihəsi, 68 yol istiqaməti, 48 tunel və yeni dəmir yolu xətləri inşa edilir. Ümumi uzubluğu 150 kilometrdən çox yeni dəmir yolu xəttlərinin qurulması planlaşdırılır".
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.