Bakı.Trend:
Ənənəvi mənzil maliyyələşdirilməsi kifayət etmir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: fəaliyyət planı necə olmalıdır?” mövzusunda dialoq zamanı deyib.
“Mövcud mənzil maliyyələşdirmə sistemləri açıq-aydın işləmir və cəmiyyətin bütün təbəqələrinin ehtiyaclarını qarşılamır. Bununla belə, biz ölkələrin mənzil sahəsində yaradıcı və innovativ maliyyələşdirmə üsulları hazırladığını görürük.
Bizdə mikromaliyyələşdirmə sahəsində böyük təcrübə var; insanlar mikrokreditlər vasitəsilə mərhələli şəkildə öz mənzil şəraitlərini yaxşılaşdırırlar, həmçinin yerli icmaların yığımlarına əsaslanan mexanizmlərdən istifadə olunur”,- deyə o bildirib.
Rossbax qeyd edib ki, ölkələrin öz milli mənzil maliyyə sistemlərini inkişaf etdirməsi vacibdir və daxili maliyyə resurslarının səfərbər edilməsi həlledici əhəmiyyət daşıyır.
O əlavə edib ki, mənzil və iqlim gündəliyi birlikdə işləməlidir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.