Bakı. Trend:
Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində əsas prioritet dayanıqlı qayıdışın təmin olunmasıdır.
Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda WUF13 çərçivəsində "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, Böyük Qayıdışın iqtisadi baxımdan planlaşdırılması zamanı əsas məsələlərdən biri iş yerlərinin və iqtisadi fəaliyyətin ardıcıllığının düzgün müəyyənləşdirilməsi olub.
Onun sözlərinə görə, məqsəd onilliklər boyu doğma yurdlarından uzaqda yaşamış insanların mümkün qədər tez geri qayıtmasını təmin etmək idi:
"Bu məqsədlə azad edilmiş ərazilərdəki hər bir şəhər üçün ayrıca niş yanaşma tətbiq olunub və dövlət siyasəti həmin ərazilərin iqtisadi potensialına uyğun fəaliyyət sahələrinin inkişafına yönəldilib. İşlərin paralel və sürətli şəkildə həyata keçirilməsi əsas çağırışlardan biri olub. Bu məqsədlə iqtisadi fəaliyyətin təşviqi üçün vergi güzəştləri, güzəştli kreditlər və sənaye parklarının yaradılması daxil olmaqla geniş qanunvericilik tədbirləri həyata keçirilib".
M. Cabbarovun sözlərinə görə, bütün bu proseslərin mərkəzində bağlantılılıq dayanıb.
O bildirib ki, üç hava limanı, yollar, körpülər və rəqəmsal bağlantı infrastrukturunun insanların qayıdışından əvvəl hazır vəziyyətə gətirilməsi Böyük Qayıdış prosesinin sürətini və keyfiyyətini artıran əsas amillərdən biri olub. Nazir əlavə edib ki, Azərbaycanın bağlantılığa yatırımları yalnız ölkə daxilini deyil, beynəlxalq bazarlara çıxışı da əhatə edir.
"Xankəndidə Qarabağ Universiteti ətrafında formalaşdırılan universitet şəhəri konsepsiyası müasir Azərbaycan tarixində ilk dəfə olaraq iqtisadi fəaliyyətin akademik mühit üzərində qurulmasına əsaslanan modeldir. Gəncə, Naxçıvan və Şəki kimi şəhərlərdə də ənənəvi bilik və insan kapitalının güclü olduğu sahələrin inkişafına yönəlmiş yanaşma tətbiq olunur", - nazir əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.