Bakı.Trend:
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) qlobal mənzil böhranının həlli üçün səylərini birləşdirir.
Trend xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiaa Rossbax bildirib.
Onun sözlərinə görə, UN-Habitat və SDSN arasında anlaşma memorandumu imzalanıb ki, bu da UN-Habitat üçün strateji əhəmiyyət daşıyan təşəbbüsdür.
Rossbax qeyd edib ki, tərəfdaşlıq qlobal mənzil böhranı, iqlim dəyişiklikləri və sürətli urbanizasiya şəraitində həll yollarının tapılmasına yönəlib.
O əlavə edib ki, tərəflər praktiki əməkdaşlıq məqsədilə Ümumdünya Şəhərsalma Forumu, Dünya Şəhərlər Hesabatı və digər beynəlxalq platformaların mexanizmlərindən istifadə etməyi planlaşdırırlar.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.