Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma prosesi postmünaqişə dövründə dayanıqlı urbanizasiya yanaşmasının real nümunəsidir.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Bağlantının mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.
O qeyd edib ki, şəhərlərin planlaşdırılması zamanı bütöv ərazilər nəzərə alınmalıdır.
“Nəqliyyat dəhlizlərinə investisiya yatırılarkən həmin marşrut boyunca yerləşən icmaların mənzil təminatı, bazarları, xidmətləri, torpaq resursları və dolanışıq imkanlarına da sərmayə qoyulmalıdır. Dayanıqlı urbanizasiya şəhərləri əhatə edən kənd ərazilərinin inkişafından ayrılmazdır”.
Anaklaudia Rossbax bildirib ki, ötən ilin oktyabrında keçirilən Milli Şəhərsalma Forumu çərçivəsində bölgəyə səfəri zamanı mənzil təminatı, ictimai xidmətlər, rəqəmsal bağlantı və yaşıl enerji şəbəkələrinin vahid ərazi baxışı əsasında inteqrasiya olunduğunu müşahidə edib.
“Burada məqsəd şəhər və qəsəbələri ayrı-ayrılıqda bərpa etmək deyil, funksional insan coğrafiyasını yenidən qurmaqdır”.
O həmçinin əlavə edib ki, regional nəqliyyat dəhlizləri, enerji xətləri və rəqəmsal şəbəkələr boyunca yerləşən şəhər və kənd icmaları yalnız keçid ərazisi kimi deyil, strateji investisiya məkanı kimi qiymətləndirilməlidir.
UN-Habitat rəsmisi sonda WUF13 çərçivəsində keçirilən sessiyanın xüsusi əhəmiyyət daşıdığını bildirib və müzakirələrin yekununda ortaya çıxacaq öhdəlikləri maraqla gözlədiyini vurğulayıb.