Bakı. Trend:
WUF13 çərçivəsində "Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər" mövzusunda tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva çıxısında iqlim böhranı, iqlim dəyişikliyi və biomüxtəlifliyin itməsi şəhərlərin və icmaların dayanıqlı inkişafı və davamlılığı üçün yeni bir sistem yaradılmasını zəruri etdiyini bildirib.
Onun sözlərinə görə, bir çox şəhərlərdə iqlim dəyişikliyi ekosistemləri yaşayış, müşahidə və davamlılıq üçün uyğun formaya malik deyil. Azərbaycan da müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib. Şəhərlərdə iqlim dəyişikliyi ilə əlaqəli risk və fəlakətlərə qarşı dayanıqlı bina və infrastrukturun qurulması olduqca vacibdir.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev isə çıxışında bildirib ki, iqlimə dayanıqlı şəhərlər şəhərsalma planlaşdırılmasının əsas elementi olmalıdır:
"Bu proses vahid və koordinasiyalı yanaşma tələb edir. Heç bir ölkə bu çağırışlarla təkbaşına mübarizə apara bilməz. Azərbaycan isə bu istiqamətdə dialoq və beynəlxalq əməkdaşlığa fəal şəkildə töhfə verir".
Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə iqlim dəyişikliyi, dayanıqli şəhər formalaşdırılması və bu prosesdə həssas insanların müdafiəsi, qadın və uşaqların təhlükəsizliyi məsələsinə diqqət çəkib.
Azərbaycan Respublikası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov da çıxışında ölkəmiz iqlim dəyişikliyi ilə mübarizədə qlobal proqramlara dəstəyindən danışıb:
"COP29-da bu istiqamətdə mühüm təşəbbüslər irəli sürülmüşdü. Özəl şirkətlər və dövlət bu sahədə birgə əməkdaşlıq edir. Mühəndislik texnologiyalarını bir araya gətirərək avtomatik müşahidə və monitorinq sistemi formalaşdırılır".
Fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov isə bildirib ki, ictimai maarifləndirmə, yerli səviyyədə fəlakət risklərinin planlaşdırılması və icra olunması, eləcə də kommunikasiya sistemlərinin təşkili mühüm əhəmiyyət daşıyır.
2014-2019-cu illərdə Avropa Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos isə çıxışında qeyd edib ki, erkən xəbərdarlıq sistemləri və iqlimə dayanıqlılıq məsələləri birgə nəzərdən keçirilməlidir:
"Şəhərlərlə bağlı siyasətlərdə dayanıqlılığın inkişafı, infrastrukturun gücləndirilməsi və şəhər ilə təbiət arasında tarazlığın qorunması mühümdür. Yaşıl dəhlizlər, dayanıqlı su sistemləri və karbon emissiyalarının azaldılması əsas istiqamətlərdəndir. Elm əsaslı siyasət yürüdülməli, uzunmüddətli beynəlxalq əməkdaşlıq gücləndirilməlidir".
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə qlobal temperatur artımı, quraqlıq dinamikası, şirin su ehtiyatlarının azalması və digər ekstremal hidrometeoroloji hadisələrin Azərbaycan üçün yaratdığı yeni risklərə diqqət çəkib. O qeyd edib ki, bu təhdidlərə qarşı ən həssas sahə məhz aqrar sektordur. Kənd təsərrüfatı iqlim amillərindən birbaşa asılı olan və ölkənin makroiqtisadi sabitliyi ilə ərzaq təhlükəsizliyini təmin edən strateji sahə olduğu üçün bu istiqamətdə dayanıqlılığın artırılması prioritet vəzifədir.
Tədbir panel müzakirəsi ilə davam edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.


