Bakı.Trend:
İnklüziv şəhərlərin yaradılması əlilliyi olan insanlar üçün bərabər imkanlarının, sosial ədalətin və insan ləyaqətinə hörmətin təmin edilməsinin mühüm şərtidir.
Trend xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüqquqları üzrə Müvəkkili (Ombudsmanı) Səbinə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda belə beynəlxalq platformanın keçirilməsi şəhərsalma, dayanıqlı inkişaf, sosial inklüzivlik və insan hüquqları məsələlərinin müzakirəsi baxımından böyük əhəmiyyət daşıyır.
“Bu gün şəhərlərin inkişafı yalnız memarlıq həlləri, infrastruktur və nəqliyyatla deyil, ilk növbədə insanın yaşaması üçün real şəraitin yaradılması ilə ölçülür.Şəhərin inkişafının əsl göstəricisi onun nə dərəcədə əlçatan, təhlükəsiz, rahat olması və insan ləyaqətinə hörməti təmin etməsidir”, - deyə o bildirib.
Səbinə Əliyeva qeyd edib ki, əlilliyi olan insanların hüquqları şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir.
Onun sözlərinə görə, əlçatanlıq təkcə pandusların, liftlərin və xüsusi vasitələrin mövcudluğu deyil, həm də insanın gündəlik həyatını müstəqil təşkil etməsinə və təhsil, məşğulluq, səhiyyə, nəqliyyat, mədəniyyət və ictimai həyatda digərləri ilə bərabər iştirakına imkan verən ümumi yanaşmanın formalaşdırılmasıdır.
Ombudsman vurğulayıb ki, əlilliyi olan insanların üzləşdiyi çətinliklərin əksəriyyəti şəhər mühitinin düzgün layihələndirilməməsi ilə bağlıdır.
“Standartlara uyğun olmayan panduslar, əlçatan olmayan ictimai nəqliyyat, uyğunlaşdırılmamış sanitariya otaqları, audio və vizual məlumatların olmaması, həmçinin rəqəmsal xidmətlərdəki maneələr insanın müstəqil həyat tərzini və cəmiyyətdə bərabər iştirakını məhdudlaşdırır”, - deyə o bildirib.
Səbinə Əliyevanın sözlərinə görə, əlçatan mühitin təmin olunması Azərbaycan Ombudsmanı Aparatının hüquqi və institusional prioritetlərindən biridir. O qeyd edib ki, Ombudsman Aparatı BMT-nin Əlillərin Hüquqları Konvensiyasının icrasının monitorinqi üzrə müstəqil mexanizm funksiyasını, həmçinin bərabərliyin təmin olunması və ayrıseçkiliyin qarşısının alınması məsələlərini həyata keçirir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.