Bakı.Trend:
Qeyri-hökumət təşkilatları (QHT) əlilliyi olan insanların problemlərinin həllində, onların hüquqlarının təşviqində və həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu Azərbaycan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi əlilliyi olan insanlarla bağlı layihələrə böyük önəm verir.
“Son illərdə agentlik tərəfindən bu istiqamətdə QHT-lər tərəfindən həyata keçirilən onlarla layihə maliyyələşdirilib. Bu layihələr sosial reabilitasiya, psixoloji dəstək, inklüziv təhsil, məşğulluq imkanları, həmçinin əlilliyi olan insanlar üçün idman və incəsənət sahələrini əhatə edir”, - deyə o bildirib.
Aygün Əliyeva qeyd edib ki, QHT-lər cəmiyyətə ən yaxın qurumlardır, əlilliyi olan insanların ehtiyaclarını daha yaxşı anlayır və çevik, innovativ həllər təklif etmək qabiliyyətinə malikdirlər.
“Buna görə də biz bu sahədə QHT-lər və digər maraqlı tərəflərlə əməkdaşlığa hər zaman açığıq”, - deyə o vurğulayıb.
Agentlik sədrinin sözlərinə görə, bugünkü tədbir inklüziv şəhərlər konsepsiyasının müzakirəsi üçün dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin nümayəndələrini və əlilliyi olan insanları bir araya gətirən belə əməkdaşlığın nümunəsidir.
O qeyd edib ki, inklüziv şəhər yalnız pandus və liftlərin mövcudluğu demək deyil.
“Bu, fiziki imkanlarından asılı olmayaraq hər bir vətəndaşın özünü dəyərli, hörmətli və cəmiyyətə inteqrasiya olunmuş hiss etdiyi şəhərdir. Bu, ictimai xidmətlərə, nəqliyyata, təhsilə, mədəniyyətə və məşğulluğa bərabər çıxışı təmin edən şəhərdir”, - deyə o bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.