Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı dünyanın müxtəlif sahələrində ciddi dəyişikliklərə səbəb olub. Azərbaycanda media və jurnalistika sahəsi də bu dəyişikliklərdən xeyli təsirlənib. Artıq süni intellekt vasitəsilə xəbərlərin hazırlanması, məlumatların emalı, mətnlərin yazılması, şəkil və videoların yaradılması mümkündür. Yəni əvvəlki dövrdə olduğu kimi yazıb-pozmağa, mətndə imla səhvi axtarmağa ehtiyac qalmır. Süni intellekt danışmadan və deyinmədən bu vəzifəni uğurla icra edir.
Bəzi mütəxəssislər bunu media üçün yeni imkanlar hesab etsə də, digərləri insan faktorunun zəifləyə biləcəyindən narahatdır.
Tanınmış jurnalist Seymur Verdizadə Modern.az saytına açıqlamasında bildirib ki, süni intellekt jurnalistikanı tamamilə sıradan çıxarmayacaq, əksinə, onun iş prinsipini dəyişəcək:
“Texnologiyanın inkişafı həmişə peşələrə təsir göstərib və jurnalistika da istisna deyil. Vaxtilə internet, sosial şəbəkələr populyarlaşanda da oxşar narahatlıqlar var idi. Amma nəticədə jurnalistika yox olmadı, sadəcə yeni formaya keçdi. Süni intellekt xəbərin ilkin mətnini hazırlaya, statistik məlumatları qruplaşdıra, hətta müəyyən mövzular üzrə araşdırmalara kömək edə bilər. Lakin jurnalistikanın əsas mahiyyəti yalnız məlumatı təqdim etməkdən ibarət deyil. Süni intellekt xəbər hazırlanmasını, rəqəmlərin və faktların bir neçə saniyə ərzində məntiqi nizama salınmasını, informasiya mətninin mümkün səhvlərdən təmizlənməsini təmin edir. Lakin jurnalist quru informasiyanın içindəki mənəvi dramı göstərə, ictimaiyyətə sətiraltı mesajları ötürə, mənaları oxuya və vicdanın səsi ilə cəmiyyətin nəbzini tuta bilər".
Seymur Verdizadə deyib ki, jurnalistin süni intellektdən üstünlüyü hadisənin mahiyyətini anlamaq, insanlarla ünsiyyət qurmaq, emosiyanı hiss etmək və proseslərə analitik yanaşmaqdır:
“Süni intellekt məlumatı emal edə bilər, amma hadisənin sosial təsirini, insan faktorunu və cəmiyyətin psixologiyasını eyni səviyyədə dəyərləndirmək onun təqdim etdiyi xidmətlər xaricindədir. Bu qənaətim heç də intellekt texnologiyalarının rolunu azaltmaq niyyətini güdmür. Əksinə, düşünürəm ki, gələcəkdə üstünlük süni intellektdən düzgün istifadə etməyi bacaran jurnalistlərin tərəfində olacaq. Nəzərə almaq lazımdır ki, süni intellektdən düzgün istifadənin özü xüsusi bacarıq tələb edir”.