Bakı. Trend: Mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “İnklüziv şəhərlər üçün gənclər: WUF13” Tələbə Forumunun bağlanış mərasimi keçirilib.
Trend xəbər verir ki, Forum Azərbaycan Şəhərsalma Kampaniyası ilə əməkdaşlıq çərçivəsində, QHT Agentliyi və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə təşkil olunub.
Tədbir çərçivəsində Rəşad Cəfərov və Rafiq Səfərov şəhərsalma mövzusunda ağıllı həllər təqdim edən “City Rate” innovativ layihəsini təqdim ediblər. Müzakirələrin yekununda “Youth Urban Manifesto - 2026” sənədi və niyyət məktubu elan olunub.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.










