İran ətrafında davam edən müharibə dünya iqtisadiyyatına və iri şirkətlərə milyardlarla dollar zərər vurub.
Modern.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, münaqişənin başlanmasından bəri azı 279 iri şirkət investorlarını müharibənin maliyyə nəticələri ilə bağlı xəbərdar edib.
Bildirilir ki, şirkətlər artan xərclər fonunda məhsul qiymətlərini yüksəldir, istehsalı azaldır, dividend ödənişlərini dayandırır və bəzi əməkdaşlarını ödənişsiz məzuniyyətə göndərirlər.
Məlumata əsasən, böhran demək olar ki, bütün sahələrə təsir göstərib. Aviaşirkətlər, avtomobil istehsalçıları, məişət texnikası və ərzaq məhsulları istehsalçıları ciddi maliyyə itkiləri ilə üzləşiblər.
Aviasiya sektorunda zərərin artıq 15 milyard dollara çatdığı bildirilir. Buna əsas səbəb aviasiya yanacağının qiymətinin iki dəfə artmasıdır.
Yaponiyanın Toyota şirkəti mümkün itkilərin 4,3 milyard dollar ola biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ-nin Procter & Gamble şirkəti isə mənfəət itkisinin təxminən 1 milyard dollar səviyyəsində qiymətləndirildiyini açıqlayıb.
Şirkətlər artıq ilin ikinci yarısında mənfəətə təzyiqin daha da artacağı barədə xəbərdarlıq edirlər.