Qırğız Respublikası dağlıq ölkə kimi dağlıq bölgələrin dayanıqlı inkişafına xüsusi əhəmiyyət verir.
Modern.az xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.
O qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dağlar dünyada 1,1 milyard insanın yaşayışını və rifahını birbaşa təmin etməklə yanaşı, milyardlarla insana dolayı fayda verir.
“Buzlaqların əriməsi, iqlim dəyişikliyi, miqrasiya və ekosistemlərə artan təzyiq yüksək dağlıq və dağətəyi bölgələrdə yerləşən şəhərlərə mənfi təsir göstərir”.
S.Japarov nəzərə çatdırıb ki, Qırğızıstan dağ şəhərlərinin dayanıqlı inkişafı üçün üç əsas istiqaməti prioritet hesab edir:
“Birinci istiqamət ekosistemlərin dayanıqlığının təmin edilməsidir. Bu çərçivədə buzlaq sularının azalmasına uyğunlaşma, suya qənaət edən texnologiyaların tətbiqi, tullantıların toplanması və təkrar emalı sistemlərinin yaradılması, təbii landşaftların qorunması vacib sayılır. Həmçinin enerji səmərəli və seysmik dayanıqlı tikinti texnologiyalarının tətbiqi ön plana çəkilir.
İkinci istiqamət dağ urbanizmi üçün innovasiyalardır. Buraya bələdiyyə xidmətlərinin, nəqliyyat və enerji sistemlərinin rəqəmsallaşdırılması, hidroenergetika və günəş enerjisi potensialından istifadə, eləcə də təbii fəlakətlərə davamlı nəqliyyat şəbəkələri və erkən xəbərdarlıq sistemlərinin qurulması daxildir.
Üçüncü istiqamət isə insan kapitalı və mədəni irslə bağlıdır”.
O eyni zamanda çıxışında dağ şəhərlərində təhsil və sosial infrastrukturun inkişafı, turizm marşrutlarının yaradılması və “rəqəmsal köçərilər” konsepsiyasının dəstəklənməsinin vacibliyini də vurğulayıb.