Bakı. Trend:
Mənzil böhranı qlobal xarakter daşıyır və onun həlli üçün sistemli yanaşma, siyasətlərin gücləndirilməsi və ölkələrə dəstək vacibdir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ikinci günü çərçivəsində rəsmi açılış mətbuat konfransında deyib.
O bildirib ki, hazırda “World Cities Report” çərçivəsində mənzil məsələlərinə həsr olunmuş xüsusi hesabat hazırlanır və bu sənəddə şəhər və ölkələrin mənzil probleminə yanaşmaları geniş şəkildə əks olunur.
Rossbax qeyd edib ki, BMT-nin “Local 2030” platforması çərçivəsində 14–15 təşkilat, yerli və regional hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə yerli həllərin toplanması və paylaşılması istiqamətində iş aparılır.
Onun sözlərinə görə, yaradılan platforma vasitəsilə müxtəlif ölkələrdən toplanan təcrübələr bir mərkəzdə birləşdirilir və üzv dövlətlərin istifadəsinə təqdim olunur.
UN-Habitat icraçı direktoru bildirib ki, təşkilat həm normativ yanaşmaların formalaşdırılması, həm də texniki dəstəyin göstərilməsi istiqamətində mühüm rol oynayır.
O əlavə edib ki, mənzil böhranı bütün dünyada eyni əsas problemlərlə xarakterizə olunur: qeyri-adekvat şəraitdə yaşayan insanlar, küçələrdə yaşayan əhali və mənzil almaq və ya kirayələmək imkanından məhrum olan qruplar. Bununla yanaşı, o vurğulayıb ki, hər ölkənin sosial, iqtisadi, mədəni və institusional xüsusiyyətləri fərqlidir və bu səbəbdən həllər də lokal şəraitə uyğunlaşdırılmalıdır:
"Məqsəd ölkələrə uyğun hüquqi çərçivələrin, milli siyasətlərin, şəhər planlarının və maliyyə sistemlərinin formalaşdırılmasına dəstək göstərməkdir".